5 Dekabr 2023 09:23
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Son zamanlarda İrandan, xüsusən də bu ölkənin hərbi dairələrindən Xəzər dənizi ilə bağlı tez-tez açıqlamalar verilir. Üstəgəl, Xəzərə yeni hərbi gəmi göndərən Tehranın bu su hövzəsindəki qüvvələrini artırmaq səyləri içində olduğunu görürük. Sizcə, bunların izahı nədir?

- Bunun bir neçə izahı ola bilər. Birincisi, İranın özünün “hərbi qüdrəti”nin artmasını göstərmək istəyir. Bilirsiniz ki, İran Xəzərin statusunun müəyyən olunması ilə bağlı prosesdə əngəlləyici rol oynayırdı. İran beş il öncədən razılaşdırılmış və beş Xəzəryanı dövlətin təsdiqlədiyi konvensiyanı bu günədək ratifikasiya etməyib. Bu, Tehranın məsələlərə konstruktiv yanaşmadığının göstəricisidir. Digər yandan, İranın hərbi-siyasi dairələrində belə bir fikir səsləndirilmişdi ki, guya üçüncü ölkənin hərbçiləri bu dənizdə təlim keçirirlər. Bu mesaj da bizə aid idi. Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik yüksək səviyyədədir. İrana görə, guya bu, bölgə ölkələrinin maraqlarına uyğun deyil. İran öz aləmində digər Xəzəryanı ölkələrə mesaj ötürür.

Azərbaycam 3+3 formatını təklif etməklə, bölgədə əməkdaşlıq mühitinin yaranmasına təşəbbüs göstərdi. Guya İran da buna qoşulub. Digər yandan baxdıqda, İranın mövqeyi daxili problemlərlə əlaqədar ola bilər. Amma bir şeyi nəzərə almaq lazımdır ki, bölgə ölkələrinin Xəzər dənizinin dinc və əməkdaşlıq hövzəsi olması ilə bağlı fikirləri var. Amma təəssüf ki, bu hövzə ətrafında yerləşən Rusiya və İran tərəfindən Xəzər hərbiləşdirilir, bu da region üçün müəyyən təhdidlər yaradır. Bu baxımdan, İranın Xəzərə hərbi gəmi göndərməsi sülh və əməkdaşlıq mühitinə xidmət etmir.

- İranın Azərbaycandakı səfiri Abbas Musəvi iddia edir ki, Zəngəzur dəhlizi olmayacaq. İranlı diplomatın bu “əminliyi” hardandır?

- “Zəngəzur dəhlizi” ifadəsi həmişə İran tərəfindən süngü ilə qarşılanır. Uzun müddət buna müqavimət göstərdilər. İran buna əngəl olmaq üçün Ermənistanı destruktiv yöndən təhrik edən ölkələrdən biri idi. Ermənistan da İran və digərlərinin fitvasına gedərək, Zəngəzur dəhlizi ideyasının reallaşmasına əngəl yaratdı. İran da fürsətdən istifadə edərək, Ermənistanın önünə keçdi və Azərbaycanla Araz çayının sol sahilində alternativ yolun açılması ilə bağlı anlaşdı.

İrandan fərqli olaraq, Azərbaycan, Türkiyə və elə Ermənistanın özü də bu yolun açılmasında maraqlıdır. Bizim marağımız budur ki, Naxçıvanı Azərbaycanın ana hissəsi ilə birləşdirən müxtəlif yollardan istifadə etmək istəyirik. Alternativlərin çox olması bizim marağımızdadır. Əslində, bu, bölgədəki hər kəsin marağına uyğundur.

İran səfirinə gəlincə, düşünürəm ki, onun bu açıqlaması daha çox təbliğat xarakteri daşıyır. Hələlik məsələlər yekunlaşmayıb. Ermənistan bu dəhlizlə bağlı “Sülh qovşağı” adlı bir layihə irəli sürüb. Qərb dövlətləri, o cümlədən ABŞ bu məsələ ilə bağlı fikir irəli sürür, öz mövqelərini konkretləşdirir. ABŞ-ın mövqeyi bu kommunikasiya xəttinin açılması və dolayısı ilə buna nəzarət məqsədi güdür. İran da bunu bildiyi üçün əngəlləməyə çalışır.

Hesab edirəm ki, bundan sonrakı dönəmdə Zəngəzur dəhlizi ilə bağlı Qərb, Rusiya və İran arasındakı ziddiyyətlər daha da artacaq. Ona görə də, İrandan belə açıqlamlar davamlı olacaq. Bu o deməkdir ki, İran yenə də prosesi əngəlləməyə çalışacaq. İndi İranın bunu önləmək üçün kollektiv Qərbə gücü çatacaqmı? Bunu zaman göstərəcək.

- İranla bağlı diqqətçəkən başqa bir məqam da elə ABŞ və Avropa Birliyinə inteqrasiyanı sürətləndirən və onlara öz ərazisində yer verən Ermənistana yanaşmasıdır. İran niyə “düşmən” elan etdiyi qüvvələrin Ermənistanda – sərhədləri yaxınlığında yerləşməsindən narahat görünmür?

- İranın Ermənistanla bağlı açıqlamalarına baxdıqda görürük ki, kifayət qədər ehtiyatlı və təmkinli mesajlardır. Mükün qədər Ermənistan cəmiyyətini qıcıqlandırmamağa çalışırlar. Bu baxımdan, İran diplomatiyasının nə qədər hiyləgər olduğunu çox yaxşı bilirik. Zənnimcə, İran hələlik prosesin kəskin həddə və ya “qırmızı xətt”ə gəlib çatdığını düşünmür, bu, Tehrandan verilən reaksiyalardan da görünür. Digər yandan, İranın bu və digər formada Qərblə də təmasları var. Bu təmaslar da heç də göründüyü kimi deyil. Belə bir yayğın fikir də var ki, Qərblə və ya ABŞ-la İran bağlı qapılar arxasında müəyyən məsələləri razılaşdırıblar.

Əlbəttə, İranın hazırki davranışları və təmkini diqqət çəkir, müəyyən suallar yaradır. Bayaq da dediyim kimi, sadəcə məsələ “qırmızı xətt”ə çatmadığı üçün İran lazımi reaksiya ortaya qoymur. Amma ilkin reaksiya elə İran səfirinin açıqlaması da ola bilər. Bəli, İranın Ermənistana müəyyən təsirləri var. Ən azı 30 il İran Ermənistan üçün nəfəslik rolunu oynayıb. Amma hesab etmirəm ki, İranın kollektiv Qərbin Ermənistana artan təsirlərini önələmək üçün yetərli imkanları var.

- İran niyə Azərbaycanla münasibətləri normallaşdırmaq yerinə, korlamağa yönəlik xətt tutub? Məsələn, Ermənistanın Hindistandan aldığı silah-sursatın öz üzərindən daşınmasına yol verir, “Hüseyniyyun” terror təşkilatının liderini nümayişkaranə şəkildə mükafatlandırır və sair.

- İranın Azərbaycana yönəlik siyasəti bəllidir. Bu, İranda 1992-ci ildə qəbul edilmiş xarici siyasət doktrinasında açıq formada qeyd olunub. Həmin doktrinada “Azərbaycan Respublikasının mövcudluğunun İranın təhlükəsizliyini təhdid etdiyi” xüsusi qeyd edilib. Bu baxımdan, İranla münasibətlərimiz zaman-zaman ziqzaqvari kəskinləşəcək və yumşalacaq. Amma İranın Azərbaycan dövlətinə münasibəti dəyişməyəcək. Hindistandan daşınan silahların İran ərazisindən keçməsinə icazənin verilməsi, o cümlədən “Hüseyniyyun” terror təşkilatının rəhbərinin mükafatlandırılması və onun təntənəli şəkildə təqdim edilməsi də, İranın Azərbaycana münasibətinin dostyana olmadığını bir daha göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər