6 Dekabr 2023 09:26
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan rəhbərliyi uzun müddətdir nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” adlı layihəsini gündəmdə saxlayır, hətta bununla bağlı dünən İrəvanda beynəlxalq tədbir də keçirildi. Qərbin lehinə, Rusiyanın əleyhinə olduğu projenin reallaşması nə qədər mümkündür?

- Ermənistan mövqeyində dəyişiklik etməlidir, hər şey bundan asılıdır. Yəni Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşməsi, yolların açılması və digər məsələlərlə bağlı mövqeyini tezliklə dəyişməlidir. Əks halda, bu layihəsi reallaşmayacaq.

- İran Zəngəzur dəhlizinin əleyhinə çıxdığını deyir, amma Ermənistandan keçirməyi planlaşdırdığı başqa bir layihəni gündəmə gətirir. Söhbət Hindistan-İran-Ermənistan-Gürcüstan (Qara dəniz) nəqliyyat xəttindən gedir. Tehran bu səylərində nə qədər məsafə qət edə bilər?

- Bu layihənin tarixi kifayət qədər uzundur. Təxminən 5 ildir bunu müzakirə edirlər, amma indiyədək bunu reallaşdıra bilməyiblər. Əgər buna imkanları və layihə səmərəli olsaydı, çoxdan fəaliyyətə başlamışdı. Bu layihənin nə iqtisadi səmərəliliyi var, nə də real iştirakçılar bəllidir. Kim bu layihəni həyata keçirəcək və ya bunda maraqlıdır? Məlum deyil. Boş söz-söhbətdir. Bu, dəmir yolu projesi deyil. Ermənistanla İran arasında dəmir yolu çəkmək mümkünsüzdür, ərazilərin relyefi buna imkan vermir. Müxtəlif dövrlərdə İran və Ermənistanda dəmir yolu ilə bağlı layihələr irəli sürülüb, amma reallaşdırmaq mümkün olmayıb. Əgər 5-10 il əvvəl layihə 3 milyard dollara başa gələcəkdisə, indi bunun dəyəri 6 milyarddır. Bu 6 milyardı kim verəcək?

İranla Ermənistanı birləşdirən avtomobil yolu var, bəzi hissələrdə təmir-bərpa işləri aparılır. Amma avtomobil yolları da dağlardan keçir. Belə bir yolun buraxılış qabiliyyəti nə qədər olacaq? Eyni vaxtda nə qədər yük maşını oradan keçə bilər? Yəqin ki, bu da həmin dəhlizin reallaşmasına və səmərəliliyinə təsir edəcək. Söhbət iritonnajlı yük maşınlarından gedir. Avtomobil nəqliyyatı bahalıdır, dəmir yolu isə daha ucuzdur. İndi bu bahalı layihədən kimlər istifadə edəcək? Suallar açıq qalır. Boş-boş danışmaq, kiminsə başını aldatmaq olar, amma layihə səmərəli və arxasında real hesabatlar olsaydı, çoxdan reallaşardı.

- Ermənistan növbəti dəfə KTMT-nin toplantısına qatılmaqdan imtina etdi. Artıq İrəvanın Rusiya və KTMT əleyhinə bu kimi addımları silsilə xarakteri alıb. Bu fonda Ermənistanın ABŞ və Fransa ilə sıxlaşan hərbi əlaqələri də diqqət çəkir. Bu gedişat Ermənistana nə vəd edir?

- Artıq Rusiya Ermənistana ismarış verib. Yuxarı Lars keçid məntəqəsində keçidlərlə bağlı müəyyən problemlər yaranıb. Bu dəst-xətt davam edərsə, Rusiya Ermənistana satdığı qazın qiymətini də qaldıracaq. Digər iqtisadi addımlar da ola bilər. Yeri gəlmişkən, Avrasiya Bankı İran-Ermənistan yolunun çəkilməsi üçün müəyyən vəsait ayırıb. Bu vəsaitlər verilməyəcək. Rusiya Ermənistanla əlaqələrini məhdudlaşdıracaq. Ermənistan vətəndaşlarının Rusiyaya gedib-gəlişlərində, ticarətdə müəyyən əngəllər yaradıla bilər. Yəqin ki, bu addımlar Ermənistan vətəndaşlarına təsir edəcək. Bu da son nəticədə Ermənistan daxilində ictimai-siyasi gərginlik yarada bilər.

- Ermənistan Azərbaycanla sülh müqaviləsindən çox Türkiyə ilə əlaqələrin bərpasına və sərhədlərin açılmasına yönəlib. Sizcə, sülh müqaviləsi imzalanmadan bu məsələlər həllini tapa bilərmi?

- Əlbəttə, Türkiyənin sülh müqaviləsi olmadan buna müsbət yanaşacağını düşünmürəm. Mümkün olan şey deyil. Anlamıram ki, Ermənistan rəhbərliyi kimə və nəyə ümid edir?! İndiyədək Ermənistanın irəli sürdüyü heç bir layihə reallaşmayıb, reallaşmır. Nə Fars körfəzi-Qara dəniz dəhlizi, nə “Sülh qovşağı”, nə də Türkiyə ilə sərhədlərin açılması təşəbbüsləri...

Ermənistan artıq Türkiyə ilə sərhədindəki nəzarət-keçid məntəqəsini yenidən qurub. Bu, həmin keçidin açılması demək olmayacaq, məsələ budur. Təəssüf ki, Ermənistanın başında dayanan insanların başları yoxdur. Məntiqlə hərəkət etmirlər. Üç ildir sülh müqaviləsinin imzalanmasından, sərhədlərin və yolların açılmasından danışırlar, yanaşmalarını da dəyişmirlər. Yanaşma dəyişmədikcə, bu proseslərdən heç biri reallaşmayacaq.

- Ermənistanın ərəb ölkələri ilə əlaqələrini gücləndirmək səyləri də diqqətdən yayınmır. Xüsusən də Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycana görə indiyədək Ermənistanla münasibətlərdən imtina edən Səudiyyə Ərəbistanı ilə. Ermənistanın bu cəhdləri nə ilə bağlıdır, bu səylər müsbət nəticə verərsə, Azərbaycana nə kimi zərərləri ola bilər?

- Azərbaycana heç bir zərəri ola bilməz. Qazaxıstanın da Ermənistanda səfirliyi var. Qazaxıstan Ermənistanı çoxdan tanıyır. Bu, Azərbaycana hansı zərərləri gətirir? Heç bir zərər. Əlbəttə, Səudiyyə Ərəbistanı 44 günlük müharibədən – Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra bu addımları atır. Amma Səudiyyənin Ermənistanda hansı marağı ola bilər? İqtisadi maraqlar azdır, siyasi maraqlar yoxdur. Məsələ budur ki, hər bir ölkə regionda balanslı siyasət aparmağa çalışır. Səudiyyə Ərəbistanı da Ermənistanda mövcudluğunu təsdiqləmək istəyə bilər ki, Cənubi Qafqaz siyasətində boşluq olmasın. Amma mən düşünmürəm ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Ermənistanla Azərbaycanı eyni səviyyəyə qoyurlar.

Macarıstanın da Ermənistanla diplomatik münasibətləri var. Bu yaxınlarda Macarıstan xarici işlər naziri Peter Siyarto Ermənistanda da oldu. Ancaq Macarıstanın Azərbaycanla münasibətlərinə baxanda bunları heç müqayisə də etmək olmur. Yəni narahatlığa heç bir əsas yoxdur. Hər bir ölkənin öz maraqları var və bu çərçivədə hərəkət edir.


Müəllif: Mənsur Rəğbətoğlu