ATƏT-in Minsk Qrupu bilavasitə ABŞ tərəfindən idarə olunan yanaşma sərgiləyir. Vaşinqtondan gələn tezislər bu təşkilat tərəfindən sadəcə olaraq təkrar edilir. Bu sözsüz ki, məntiqsizdir. Çünki Avropa İttifaqının təmsilçiləri də Azərbaycana gəldilər və Qarabağda heç bir “etnik təmizləmə”nin olmadığını gördülər. Burada “150 min əhali”nin olmadığını, sadəcə olaraq 20 min əhalinin bölgəni tərk etdiyini özləri müşahidə etdilər.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
“Bu gün faktlara istinad edilirsə, həmin müşahidələrin nəticələrində bunu aydın görmək mümkündür. Ona görə də, bu kimi məsələlər, yanaşmalar gülünc səslənir. Xüsusilə də Ermənistanın birtərəfli qaydada hər hansı bir şəkildə buradan getmiş ermənilərlə bağlı yanaşması qəbuledilməzdir. Erməni tərəfi özü üçün bəzi məsələləri “əsas” götürərək belə bir mövqe bildirir” - deyə o qeyd edib.
Partiya sədrinə görə, Azərbaycan həmin ermənilərin geri qayıtması üçün yaratdığı şərait isə heç bir halda vurğulanmır:
“Onun əksinə olaraq BMT təmsilçiləri məsələni qeyd etdi, Avropa Şurasının təmsilçiləri tərəfindən də real vəziyyət qismən də olsa ifadə olundu”.
Fazil Mustafa bildirib ki, erməni tərəfi yenə də inadla öz absurd fikirlərini təkrarlayır:
“Bu baxımdan da erməni tərəfinin açıqlamaları mənasızdır. Azərbaycan ATƏT və hansısa bir qurumun bura vasitəçi kimi daxil olmasına imkan verməyəcək. Onların yenidən Azərbaycan üzərindən oyun oynamasına imkan tanınmayacaq”.