Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistan KTMT və Avrasiya İqtisadi Birliyinin toplantılarını boykot edir. Rusiyanın baş verənlərə münasibəti isə kifayət qədər yumşaq və ümumidir. Sizcə, Kreml ermənilərə qarşı niyə bu qədər mülayimdir?
- Rusiya çalışır ki, bu məsələni növbəti dəfə Azərbaycanla Ermənistanı üz-üzə gətirməklə etsin. Amma bu, Azərbaycanın maraqlarına uyğun deyil. Biz kiməsə və ya nəyəsə görə buna getmirik, getməyəcəyik. Digər yandan, Ermənistan Rusiyanın zəifləməsindən yararlanmağa çalışır. Rusiya da anlayır ki, ikinci-üçüncü cəbhə açılsa, bu, ona ciddi problemlər yaradacaq. Buna görə də, Rusiya Ermənistana qarşı ikinci cəbhəni açmır. Üstəgəl, Rusiyada ermənilər bir çox vəzifələrdə yer alırlar.
Rusiyaya zaman lazımdır ki, prosesi axıradək aparsın və bundan sonra qərar versin. Həm də bir xristian həmrəyliyi var. Rusiya elə bilir ki, xristian həmrəyliyi ilə nəyəsə nail olacaq. Amma bir şey əldə edə bilmir. Rusiya öz zəifliyini boynuna almaq istəmir.
- Rus mənbələri tərfindən ortaya atılan bir iddiaya görə, erməni hərbçilər Fransada Rusiyaya qarşı müharibəyə hazırlaşdırılır. Nə qədər məntiqli iddiadır?
- Bu məntiq məsələsi deyil, FSB-nin hazırladığı layihənin bir hissəsidir. Adətən haradasa müharibəyə başlamaq üçün əvvəlcə bunun hüquqi bazası hazırlanır. Amma Ermənistanın hansı gücü var ki, Rusiyanın qabağında dura bilsin. Bütün Avropa və ABŞ Ukraynanın arxasında durub nəyə nail oldular ki, indi cılız bir Ermənistan Rusiyaya qarşı cəbhə açsın və onunla müharibəyə getsin. Bu o deməkdir ki, Rusiya hüquqi bazanı hazırlamaqla Gürcüstanda olduğu kimi, Ermənistana da qəfil hücum edəcək.
- Qərbdə yenə Azərbaycana qarşı geniş kampaniyaya start verilib. Media qurumları ilə yanaşı, bəzi qərbli siyasilər də Azərbaycana qarşı ağlasığmaz ittihamlar irəli sürürlər. Bu nə ilə bağlı ola bilər?
- Cənab prezident ADA Universitetində çox möhtəşəm çıxış etdi, bu məsələlərə də toxundu. Bu gün Avropa və ABŞ-ın Azərbaycana qarşı bu münasibətlərinin kökündə ölkəmizə olan bir tələb durur. Onlar istəyirlər ki, Azərbaycan Rusiyaya qarşı cəbhə açmalıdır, İranla münasibətlərini korlamalıdır, bütün bunların fonunda da Azərbaycan yem olmalıdır. Yəni “ikinci Ukrayna” hazırlamaq istəyirlər. Azərbaycan buna getmir, biz qonşu ölkələrlə münasibətlərimizi normal saxlayırıq, bu, təhlükəsizlik konsepsiyamızda da yer alır. Kimsə öz maraqları naminə bizi nələrəsə məcbur edə bilməz.
Azərbaycana qarşı bu kampaniyada başqa bir məqsəd də, ölkəmizdə hakimiyyət çevrilişi etməkdir. Həm Azərbaycan daxilində, həm də kənarda yaşayan müəyyən şəxslərdən bu məqsədlə istifadə etməyə çalışırlar. Əgər böyük Qarabağ zəfərindən sonra kimlərsə hakimiyyət eşqinə düşürlərsə, bunun adı “siyasi mübarizə” deyil, başqadır. Bu prosesin arxasında da ABŞ və Avropanın dərin qurumları dayanır. Borrel, AŞPA və digər qurumların eyni vaxtda hücuma keçmələri təsadüfi deyil.
Borrel – bu başdanxarab bilmir ki, Qarabağın dağlıq hissəsində ümumiyyətlə 150 min insan yaşamayıb. Bəs bu “150 min erməni” haradan çıxdı? Qarabağın dağlıq hissəsinin maksimum tutumu azərbaycanlılarla bir yerdə 120 min olub. 70 min erməni olub, 50 minə yaxın da azərbaycanlı. Ermənilər “107 min” deyir, Borrel də üstünə “43 min” qoyur.
Bütün istiqamətlərdə Azərbaycana və Prezident İlham Əliyevə qarşı cəbhə açılıb. Biz dövlətimizin yanında daha möhkəm durmalıyıq. Azərbaycandakı birliyi dağıtmaq istəyirlər. 44 günlük müharibədən sonra çox güclü birlik formalaşıb, bu birlik də dövlətin arxasındadır. Poza bilməyəcəklər, xalq hər şeyi görür.
Rusiyaya gücləri çatmır, bizi oda atmaq istəyirlər. İndi kimsə dava edirsə, biz niyə qurban olmalıyıq?! Problemlərini özləri həll etsinlər. Rusiya və ABŞ-da seçkilər keçiriləcək, Avropanın problemləri var, bunlarla məşğul olsunlar. İndi bütün bunlarda diqqəti yayındırmaq üçün Azərbaycanı önə çəkirlər. Bütün bu cəhdlər nəticə verməyəcək, bunu özləri də bilirlər.
- Avropa Birliyi Ermənistandakı missiyasını genişləndirməyə hazırlaşır. Bunun arxasında hansı məqsədlər yatır?
- Azərbaycan-Ermənistan sərhədində qarşıdurma yaratmağa çalışırlar. O gün bir əsgərləri öldü, ermənilər hay qaldırıblar ki, guya biz etmişik. Ermənistanda dövlət çevrilişi hazırlanır. Armen Qriqoryan ABŞ-a elə-belə getməyib. Paşinyanı hakimiyyətə gətirməklərinə peşmandırlar. Paşinyan peşəkar siyasətçi deyil. Çalışırlar ki, gələn il Ermənistanda erkən seçki keçirsinlər, hakimiyyətə Armen Qriqoryanı gətirsinlər. Fransa və Makron Ararat Mirzoyanı istəyir, ABŞ isə bunun əksinə gedərək, Qriqoryanı önə çəkir. “Daşnaksütyun”, erməni lobbisi və kilsəsi Qriqoryanın arxasındadır.
Qərb yenidən Cənubi Qafqazda sepaartizmi gücləndirməyə, Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma yaratmağa çalışır. Bu missiyanı da Avropa Birliyinə tapşırıblar.
Avropa Birliyi vaxtilə ABŞ tərəfindən SSRİ-yə qarşı yaratmışdı. İndi Avropa Birliyi Amerikaya problem yaradır. Buna görə də çalışırlar ki, eyni vaxtda həm Avropa Birliyini dağıtsınlar, həm də Rusiya və Çini çökdürsünlər. ABŞ başa düşmür ki, özü çökür. ABŞ-dan bir şey qalmayıb, əvvəlki gücü və hegemonluğu yoxdur. ABŞ-ın çöküşü başlayıb. Yaxın 5 ildə, bəlkə də daha tez ABŞ çökəcək. Bayden hakimiyyətdə qalsa, 5 il sonra ABŞ Rusiyanın gününə düşəcək.