44 günlük Vətən müharibəsində əldə olunan qələbəmizin nidasına çevrilmiş Zəfər paradından üç il ötür. Müstəqil və qüdrətli Azərbaycan dövlətinin erməni faşizmi üzərində qazandığı parlaq qələbənin şərəfinə paytaxtın Azadlıq meydanında təşkil olunmuş qələbə paradı xalqımızın yaddaşında əbədi qalacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Paradının xüsusi tarixi əhəmiyyətini yüksək qiymətləndirib. Ölkəmizin başçısı bildirib ki, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Sözsüz ki, bu parad əvvəlkilərdən tamamilə fərqli idi. Bu, müzəffər Azərbaycan ordusunun əsgər və zabitlərinin düşmənin belini qırdığı, əbədi və əzəli torpaqlarımızı düşmən işğalından azad etdiyi qələbə yürüşü idi. Zəfər Paradı həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” əminliyinin məntiqi nəticəsi idi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılıb:
“Bu işin səmərəsi nəticəsində torpaqlarımızın hərbi-siyasi yolla işğaldana zad olunması üçün zəmin yarandı. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yarandı. Məqsədyönlü səylər nəticəsində münaqişə və Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı. Bu mənada qələbini Azərbaycan xalqına hər il daha yaxın edən amillər mövcuddur. Otuz ilə yaxın müddətdə görülmüş məqsədyönlü işlərin nəticəsində Qələbənin təminatı üçün siyasi və hüquqi baza yaradıldı. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, aparıcı təşkilatlar tərəfindən ölkəmizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Uzun illərin gərgin əməyi nəticəsində Azərbaycan düşmən üzərində misilsiz qələbə qazandı və bu tarixi Zəfərini Qələbə paradında bütün dünyaya nümayiş etdirdi”.
Millət vəkili bildirib ki, üç il öncə dekabr ayının 10-da 44 günlük Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edən Müzəffər Ordumuz bu şanlı Zəfərini Bakının Azadlıq meydanından dünyaya nümayiş etdirdi: “İşğaldan azad olunan torpaqlarda dalğalanan üçrəngli bayrağımızın parada gətirilməsi, qalib ordumuzun bölmələrinin, döyüş texnikalarının nümayiş etdirilməsi hərbi gücümüzün növbəti tərənnümü idi. 30 ilə yaxın davam edən vətən, torpaq həsrətindən sonra Azərbaycan xalqı bu tarixi günü qürur, fərəh, sevinc hissi ilə qeyd etdi. Təbii ki, müstəqil Azərbaycanın hərb tarixində sayca yeddinci olan Qələbə paradının böyük siyasi, mənəvi əhəmiyyəti, eyni zamanda, rəmzi mənası var. Qısa müddətdə Ermənistanın hərbi, siyasi, diplomatik cəbhələrdə məğlub edilərək, kapitulyasiya aktını imzalamağa məcbur edilməsi sözsüz ki, təntənəli hərbi keçidlə qeyd olunmağa layiq idi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu hərbi texnikası, canlı qüvvəsi ilə birlikdə məhv edildi. Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğradı. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərarinin olması bunun bariz nümunəsidir”.
Deputat Zəfər Paradında Azərbaycan Silahlı Qüvvələrinin üç min nəfərlik şəxsi heyəti ilə yanaşı türk hərbçilərinin də iştirak etdiyini söyləyib: “Eyni zamanda qardaş Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın həyat yoldaşı ilə birlikdə qələbə Paradında iştirak etməsi, müxtəlif vaxtlarda işğaldan azad olunan ərazilərə etdiyi səfərlər, Şuşa şəhərində iki ölkə arasında imzalanmış Bəyannamə, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının açılışını iki ölkə Liderinin birlikdə etməsi Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyinin, hətda iki ölkə arasında münasibətlərin dostluq, qardaşlıq münasibətləri çərçivəsində yüksək səviyyədə olduğunun göstəricisidir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır”.
Tamam Cəfərova vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbə nəticəsində bütün dünya müzəffər Azərbaycan Ordusunun gücünü gördü və Ordumuzu dünyanın ən güclü ordularından biri kimi tanıdı və bunu etiraf etməyə məcbur oldu: ““Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani sübutu idi. Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidası oldu”.