11 Yanvar 09:23
2 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rəsmi Bakı və İrəvan arasında sülh müqaviləsi ilə bağlı mübadilənin davam etdiyini açıqlayıb. Sizcə, bu mübadilə nə vaxt bitəcək, yəni hansı zaman kəsiyində nəhayət oturub müqaviləni imzalayacağıq?

- Belə təsəvvür yaranır ki, Ermənistana proses proses üçün lazımdır. Yəni sadəcə kiminsə meydançasında danışıqlar aparılsın, kimsə moderatorluq etsin, meydan sahibi ilə Ermənistan arasında müəyyən rabitə qurulsun, Ermənistana diqqət artsın, bunun fonunda İrəvan hansısa istəklərini həyata keçirsin və sair. Təxminən buna bənzər situasiya yaranıb. Bizə isə sadəcə sülh müqaviləsini imzalamaq lazımdır. Rəsmilərimiz də dəfələrlə bildiriblər ki, bu müqavilə bir neçə bəndlərdən ibarət olan sadə bir sənəddir, imzalanmalıdır, vəssalam.

Ermənistan tərəfi yanaşmasını dəyişmədikcə, proses uzanacaq. Ermənistanın yanaşmasında köklü dəyişiklik baş versə, irəli gedə biləcəyik, əks halda heç nə yerindən tərpənməyəcək. Düşünürəm ki, regiondakı reallıq Ermənistanı konkret addımlar atmaq üçün öz dəst-xəttini dəyişməyə məcbur edəcək.

- Azərbaycanın ikitərəfli danışıqlar təklifinə münasibət bildirən Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan söyləyib ki, görüşləri Vaşinqton və Brüsseldə davam etdirmək istəyirlər. Bakının buna münasibəti necə ola bilər?

- Söhbət də bundan gedir ki, Ermənistana yekun nəticə yox, proses lazımdır. Brüssel olsun, Vaşinqton olsun – onlar üçün fərqi yoxdur, təki prosesi uzadacaq məqamlar olsun. Ermənistana lazımdır ki, bu prosesdən istifadə edərək müəyyən güc mərkəzləri və ya fövqəl güclərlə rabitə qura bilsin. Ermənistan sanki 30 illik işğal dövründə aparılan danışıqlar metodunu yenə davam etdirmək istəyir. Bu, heç bir nəticəyə gətirib çıxarmayan bir yanaşmadır.

Düşünürəm ki, sülh müqaviləsi Azərbaycan üçün o qədər də prinsipial deyil. Ermənilər oyunlarını davam etdirsələr, biz ümumiyyətlə danışıqlardan, bu formatlardan imtina edəcəyik.

Təəssüf ki, ABŞ meydançası bizim üçün münasib deyil. Amerikadan verilən son qərəzli bəyanatları göstərir ki, erməni diasporunun təsiri altındadırlar. Avropa Birliyi də indi o halda deyil ki, moderatorluq etsin. Avropa Şurasının prezidenti Şarl Mişel istefa vermək istəyir, onun niyyəti qarşıdakı seçkilərdə Avropa Parlamentinə deputat seçilməkdir. Belə bir vəziyyətdə bu proses Avropa Birliyi üçün də prinsipial deyil.

Vaxt gedir, situasiya dəyişir, yaxşı olardı ki, Ermənistan real vəziyyətdən çıxış etsin və müəyyən nəticələri özü üçün müəyyənləşdirsin. Nə Brüsselə, nə də Vaşinqtona regionumuzda tənzimlənmiş münasibətlər lazımdır. Bunlar daha çox bizə lazımdır, nəinki onlara. Bəli, onlara yerdəki problemlər öz maraqlarını ifadə etmək üçün lazımdır. Ermənistan da göstərmək istəyir ki, onlara maraqlarını təmin etmək üçün imkanlar yaradır. Bu oyun heç bir nəticə verməyəcək. Belə oyunlara getməyə lüzum yoxdur.

- Xandanyan onu da bildirdi ki, Azərbaycan Ermənistanın təkliflərini qəbul edənədək sülh müqaviləsi imzalanmayacaq. Bu isə o deməkdir ki, İrəvan sülh istəmir, zamanı uzadır. Sizcə, vaxtı uzadan Ermənistanın fikri nədir, nəyə nail olmaq istəyir?

- Ermənistan bu oyununu davam etdirsə, sülh müqaviləsi olmayacaq. İstəmirlər, istəməsinlər. Biz onsuz da ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etmişik, heç o kağız bizə lazım deyil. Əslində, bu kağız formallıqdır, yəni münasibətlərin formal səviyyədə tənzimlənməsi üçün vacib bir sənəddir, vəssalam. İstəmirlər, lap yaxşı, buna görə də heç bir siyasi-diplomatik münasibətlər olmayacaq, rəsmi tanıma və Ermənistan bizim üçün rəsmi dövlət olmayacaq. Blokadada qalmaq istəyirlərsə, qalsınlar – bu, onların seçimidir.

Ermənistan bizi yox, özünü hədələyir, özü bilər. Bu insanlar o qədər kütbeyindirlər və reallığı o qədər dərk etmirlər ki, sülh müqaviləsi daha çox onlara lazımdır ki, bu, sərhədlərin, kommunikasiyaların açılmasına imkan yaradır. Sülh müqaviləsi olmasa, nə Türkiyə, nə Azərbaycanla sərhədlər, nə də kommunikasiyalar açılacaq. Seçim onlarındır.

- Ermənistanın ədliyyə naziri Qriqor Minasyan açıqladı ki, İrəvan Roma Statutu vasitəsilə Azərbaycana qarşı “hərbi cinayətlər”in araşdırılmasına çalışacaq. Bəs Ermənistanın bu cəhdi hansı gəlişmələrə yol aça bilər?

- Gərginlik, etibarsızlıq yaradacaq. Münasibətlərdə gərginliyin artması hərbi-siyasi prosesləri də tətikləyə bilər. Yeni gərginlik silahlanma ilə müşayiət olunacaq. Onsuz da həm Azərbaycan, həm də Ermənistan yeni silahların alınması ilə bağlı iş görür. Əgər onlar bunu istəyirlərsə, olsun. Ermənistan yeni hərbi-siyasi gərginlikdən heç nə udmayacaq. Belə bir gərginlik yeni münaqişənin əsaslarının yaranması deməkdir.

Sülhdən yayınma, gərginliyin artması Ermənistan daxilində revanşizmə yol açır. Ermənistan cəmiyyəti revanşizmə yuvarlansa, Paşinyanın hakimiyyəti sual – təhlükə altında qalacaq. Bu durumda revanşist qruplar öz fikirlərində israrlı olacaqlar. Onlar bildirəcəklər ki, baxın, biz Azərbaycanla sülhün, normal münasibətlərin mümkün olmadığını deyirdik, Paşinyan bizi aldadıb və sair. Belə bir vəziyyət isə Paşinyana yaxşı heç nə vəd eləmir. Bir sözlə, gedişatın davamı Paşinyanın devrilməsinə gətirib çıxa bilər. Buna görə də, prosesin mümkün nəticələrini onlar ölçüb-biçməlidirlər.


Müəllif: Mənsur Rəğbətoğlu