Ermənistanın düşmüş olduğu ağır durum, onun gələcəyini düşünən indiki rəhbər, yəni Nikol Paşinyan komandasını sülhlə bağlı ardıcıl açıqlamalar verməyə vadar edir. Ən müxtəlif platformalarda Ermənistanın yüksək səviyyəli məmurları bu kimi fikirlər səsləndirirlər. Lakin sonradan hansısa səbəbdən yenə də müxtəlif bəhanələrlə sülh müqaviləsinin bağlanmasına yönəlmiş konkret əməli addım atılmayıb.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
“Görünən odur ki, Ermənistan müstəqil dövlət deyil. Bu ölkə müxtəlif dövlətlərin labrintində “tapşırıq və tövsiyələrə” uyğun addım atmağa məcbur olur. Fransadan, ABŞ-dan, Rusiyadan, erməni lobbisindən Ermənistana təzyiqlər edilir. Ona görə də, Ermənistan hakimiyyət təmsilçilərinin dediyi sözlərlə, atdığı addımlar arasında ziddiyyətlər mövcuddur”, - deyə o qeyd edib.
Partiya sədri hesab edir ki, Paşinyan və onun komandasından Azərbaycanla sülh və birbaşa təmaslarla bağlı verilən açıqlamalar müsbət hal olsa da real nəticəyə əsaslanmır:
“Bu, Azərbaycan Prezidentinin uğurlu siyasətinin məntiqinə əsaslanır. Beləliklə də, Paşinyan buna məcbur edilir. Sözsüz ki, Azərbaycanda bu il fevralın 7-də keçiriləcək prezident seçkilərinə qədər sülh sazişinin imzalanması böyük surpriz olar. Ermənistan buna gedərsə, hər kəsi təəccübləndirər. Bütün hallarda sülh sazişinin imzalanması qaçılmazdır. Çünki bütün platformalar bağlanıb. Bu da əsaslı səbəblərə görə baş verib. Vaxtilə Avropa İttifaqında müsbət istiqamətdə danışıqlar getsə də sonradan Fransanın təsiri ilə bu proses də pozuldu. ABŞ isə Azərbaycanla bağlı obyektivlikdən kənar yanaşmalar sərgiləməklə səmimi olmadığını göstərdi. Rusiya isə Ermənistan tərəfindən iki ölkə arasında olan müəyyən problemlərə görə bloklanıb”.
Fəzail Ağamalı belə olduğu halda Azərbaycan Prezidentinin təklifinin gündəmə gəldiyini söyləyib:
“Bu, heç bir vasitəçi olmadan iki dövlət arasında müzakirələrin aparılması prinsipini özündə ehtiva edir. Azərbaycan və Ermənistan tərəfindən yüksək səviyyəli görüşlər nəticəsində sülh sazişinin ya sərhəddə, ya da ki, qonşu Gürcüstanın paytaxtı Tbilisdə imzalanması mümkündür. Hər halda bu ilin birinci yarısında Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması mümkündür. Çünki bunun başqa alternativi yoxdur”.