Azərbaycanla Ermənistan arasında sülhün uzanması üçün erməni tərəfi müxtəlif bəhanələrə qaçır. Üçüncü tərəf olmadan birbaşa razılaşmadan bəhs edən Ermənistan başqa “şərtlər”dən danışır. Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanla İran arasındakı şərtləri nümunə kimi ortaya atır.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
“Ermənistan suveren dövlətdirsə, İranla razılaşma şərtinə niyə əsaslanmalıdır? Görünən odur ki, Ermənistan suverenliyinin bir hissəsini İrana verib. Azərbaycan Zəngəzur dəhlizinin kənar nəzarət olmadan açılmasını istəyir. Şərtlər odur ki, dəhlizdən bərabər əsasda istifadə edilsin, gömrük və sərhəd yoxlanışı olmadan maneəsiz keçid təmin olunsun”.
Partiya sədri hesab edir ki, burada erməni hiyləsi açıq şəkildə görünür:
“Məqsəd Azərbaycanı İranın şərtlərinə tabe etdirməkdir. Bu baş tutmayacaq. Nəticədə isə sülh müqaviləsinin imzalanması bir qədər də yubanacaq. Erməni tərəfi Azərbaycanla problemlərin həllinə yeni-yeni absurd ideyalar ortaya atır. İndiyə kimi Ermənistan az qala 20-ci “ideya”nı gündəmə gətirib”.
Sərdar Cəlaloğluna görə, Zəngəzur formal olaraq Ermənistanın olsa da bu, faktiki olaraq tarixi Azərbaycan torpağıdır:
“Azərbaycan xalqının iradəsinə zidd olaraq 1920-ci ildə zorakı yolla Ermənistana birləşdirilib. Azərbaycanlılara qarşı etnik təmizləmə yolu ilə bunu həyata keçiriblər. Azərbaycanın öz ərazisi ilə bağlı məsələdə başqa bir ölkə ilə razılaşması heç bir məntiqə uyğun deyil. Azərbaycan bu məsələdə İranla hər hansı müzakirə aparmayacaq. Çünki İran bu məsələni özünün “qırmızı cizgisi” elan edib. Ermənistan isə bunun fonunda “top”u İranın üzərinə atmaqla məsuliyyətdən yayınır”.