1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasından başlayıb. 1988-ci ildə Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29.8 min kv.km.) 25 faizini, təqribən 7.5 min kv. km-ni təşkil edirdi. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb. Bu hadisəyə, o cümlədən keçmiş “Dağlıq Qarabağın” Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı ona qarşı 1990-cı ilin yanvarında sovet qoşunlarının yeridilməsinə səbəb olub.
Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, 1990-cə il 20 yanvarda sovet rəhbərliyi Azərbaycan xalqının iradəsini qırmaq, ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və keçmiş “Dağlıq Qarabağın” Ermənistana birləşdirilməsini qəbul etdirmək məqsədi daşıyırdı: “Ona görə də, 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilib. Ümumilikdə respublikada 147 nəfər öldürülüb, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunub, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Xalqımıza qarşı bu cür qanlı qırğının törədilməsi əvvəlcədən hazırlanmış məkirli plan olub. Bu məqsədlə həmin dövr Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilib”.
Millət vəkili hesab edir ki, 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi: “Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Sözsüz ki, qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Məhz bunun nəticəsi olaraq xalqın mövcud rejimə qarşı nifrəti son həddə çatıb. Kommunist partiyasının üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk ediblər. Eyni zamanda 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başladı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Amma o dövr bütün təhlükələrdən çəkinməyərək sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Ulu öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb edib. Ümummilli lider 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib. Bu qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Sonrakı dövrdə ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edib. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib”.
Deputat deyib ki, Ulu Öndər Heydər Əliyevin siyasi strategiyasını böyük uğur və əzmlə davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır: “Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçisinin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərman imzalanıb. Eyni zamanda dövlət başçısının son Sərəncamları ilə şəhid ailələrinin sosial durumunun daha da yaxşılaşdırılması üçün aylıq ödənişlərin məbləği əhəmiyyətli dərəcədə artırılıb.
Bu gün də 1990-cı ilin 20 Yanvar faciəsi zamanı ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman həmvətənlərimizin ailə üzvləri və həmin faciədə əlil olmuş insanlar dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunmaqdadırlar. 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsi istiqamətində aparılan dövlət siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğı ilə yanaşdığı məsələlərdəndir. Belə ki, ötən ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidinin ailəsi üçün 600 manata çatdırılıb ki, bu da son beş ildə həmin təqaüdün məbləğinin 2,5 dəfə artdığını göstərir. Eləcə də, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü də artırılıb.
Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb”.
YAP Təftiş Komissiyasının sədri bildirib ki, bu hadisə dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu: “Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 20 Yanvardan sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınlar dayanmadı, 1990-cı il martın 24-də Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qaldı. Keçmiş “Dağlıq Qarabağda” azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi. Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı. Xocalı soyqırımı 613 nəfərin öldürülməsi ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi idi. Azərbaycan xalqına qarşı kütləvi qırğınlar 1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində də davam etdi. Bu gün də həmin hadisələrin qanlı izləri azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar şəklində üzə çıxır”.
Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı: “Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal antiterror tədbirləri ilə Azərbaycan özünün ərazi bütövlüyünü, suverenliyini tam təmin etmişdir. Əldə edilmiş Tarixi Zəfərlə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir. Artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb. Bu il qayıdış prosesi daha da sürətlənəcək. sözsüz ki, Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımız da indiki Ermənistandakı əzəli yurd yerlərinə qayıdacaqlar. 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, Ermənistanın diz çökdürülməsi bu ümidləri daha da gücləndirir. Artıq Prezident İlham Əliyev tərəfindən Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edilib”.