Bu günlərdə yeni mina xəritələri ilə bağlı Ermənistan Təhlükəsizlik Xidməti məlumat yayıb. Minaları basdıran, onun xəritələrini hazırlayan Müdafiə Nazirliyi olsa da, ilk dəfədir ki, məlumatı Ermənistan Təhlükəsizlik Xidməti verib. Maraqlı məqam odur ki, onlar bu mina xəritələrini aşkarladıqlarını bildiriblər.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
“Müharibənin üzərindən 3 ildən artıq vaxt keçdikdən sonra 8 mina xəritəsinin aşkarlanması olduqca təəccüblüdür. Bu təbii ki, Ermənistanın növbəti uydurmasıdır. Erməni tərəfi bundan öncə Azərbaycana 25 faizdən az doğruluğa malik olan xəritələri təhvil verməklə saxlanılan əsgər və zabitlərinin qaytarılmasına nail olmuşdu”, - deyə o qeyd edib.
Polkovnik erməni tərəfinin növbəti dəfə bundan alver məqsədi ilə istifadə niyyətinə diqqət çəkib:
“Azərbaycan Xarici İşlər Nazirliyi doğru olaraq erməni tərəfinin yalan danışdığını qeyd edib. Çünki onlarda heç bir xəritə qalmayıb. Ümumiyyətlə, ermənilərin basdırdıqları minaların demək olar ki, xəritələri yoxdur”.
Üzeyir Cəfərov hesab ki, erməni tərəfi hərbi qaydaları bilmədiklərinə görə, basdırılan minaların formulyarları haqqında məlumatsızdır:
“Çünki hərbi tapşırıqlar icra edilən zamanı həmin minaları müvəqqəti də olsa zərərsizləşdirmək bu formulyarlarla müəyyənləşdirilir. Ermənistan isə heç vaxt bu qaydalara əməl etməyib. Ona görə də, mina xəritələri növbəti erməni hiyləgərliyidir. Təqdim olunacaq bu xəritələrin doğruluğunun bir-iki faiz olması da ehtimal edilir. Görünən odur ki, onlarda dəqiq mina xəritələri mövcud deyil. Son məlumatlar odur ki, Azərbaycan ərazisinə bir milyondan artıq mina basdırılıb. Amma ermənilər bu işi qeyri-peşəkar, pərakəndə ediblər”.