5 Fevral 20:00
6 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zaur müəllim, fevralın 1-dən Ermənistan rəsmən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü oldu. BCM Ukrayna müharibəsinə görə Rusiya liderinin həbsinə order verib. KTMT-nin və ya MDB-nin hansısa bir iclasında iştirak üçün İrəvana gələcək Vladimir Putinin həbsi məsələsi artıq gündəmə gəlir...

- Putinin İrəvanda həbsi mümkün deyil. Ermənistan bunu edə bilməz. Onların belə bir istəyi də yoxdur. Bunu belə şərh edənlər Nikol Paşinyana müxalif olan qruplardır. Burada əsas məqam Ermənistanın ilin-günün bu vaxtında niyə bu sənədi ratifikasiya etməsidir və BCM-ə üzv olması ilə bağlıdır. Amma özü-özlüyündə Rusiya prezidentinin İrəvanda həbs edilməsi, bu istiqamətdə olan fikirlər belə Ermənistan hakimiyyətində real bir hadisə kimi sayıla bilməz.

- Ermənistanda Putinin həbsi üçün real imkan varmı?

- Ermənistanın daxilində Rusiya prezidentini həbs etmək imkanı yoxdur. Burada ətraf Rusiya hərbçilərindən ibarətdir. Digər tərəfdən bu, çox böyük bir siyası addım olar. Sözsüz ki, buna da heç vaxt Nikol Paşinyan getməz.

- Rusiyanın Ermənistanın bu addımına reaksiyası necədir?

- Ümumiyyətlə, Rusiyada Ermənistanın bu addımı ilə bağlı ortaq bir məxrəc var. Əgər əvvəl Rusiya bu məsələyə ciddi və tənqidi yanaşırdısa, hazırda, yəqin ki, müəyyən danışıqlardan sonra məsələyə dair bir sıra istiqamətlərlə bağlı aydınlıq gətirilib.

- Rusiyanın rəsmi İrəvanın bu davranışlarına səbrlə yanaşması hansı amillərlə bağlıdır?

- Görünən odur ki, Ermənistanın bu davranışına qarşı Rusiyadan heç bir adekvat addım atılmayacaq. Çünki bunun üçün ilk növbədə müəyyən resurslar lazımdır. Hazırda Rusiyada bu resurslar mövcud deyil. Rusiya üçün hazırkı mərhələdə əsas məsələ Ukrayna ilə bağlıdır. Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının uzanması Ukrayna müharibəsi fonunda baş verir. Bütün bunlar isə Rusiyanın maraqlarına uyğundur. Amma Ermənistanın bir çox məsələdə cızığı keçməsi faktı var. Bu, təkcə BCM-lə bağlı qanunların qəbul edilməsi deyil. Ermənistanın təhlükəsizliyi ilə bağlı vermiş olduğu yeni qərarlar burada mühüm önəm kəsb edir. Məhz bu hallar gələcəkdə ona gətirib çıxara bilər ki, Rusiya vaxtı gələndə əməli addımlar atsın. Hələlik isə Paşinyanın hakimiyyəti davam edəcək. Rusiya ona qarşı heç bir addım atmayacaq.

- Belə çıxır ki, Kreml üçün Paşinyanın indiki halda hakimiyyətdə qalması daha məqbul seçimdir...

- İndiki halda Paşinyanın hakimiyyətdə olması Cənubi Qafqazda bir çox proseslərin uzanması və geosiyasi qüvvələrin Azərbaycana qarşı çıxmaları bəzi region ölkələrinin maraqlarına cavab verir. Rusiyanın özünün Avropada kifayət qədər tərəfdarı var. Onlar müxtəlif beynəlxalq qurumlarda bu və yaxud digər şəkildə guya Qərbin, əslində isə Rusiyanın maraqlarına uyğun bəyanatlar verir, addımlar atırlar. Bir neçə həftə öncə bunu açıq təzahürünü də görmək mümkün oldu.

- ABŞ-nin “Fitch Group” şirkəti Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ilin birinci yarısında imzalanacağına dair məlumat dərc edib. İndiki şəraitdə bu ehtimalları necə dəyərələndirirsiniz?

- ABŞ-də olan araşdırma qruplarının belə bir bəyanatı var. Amma bu ilin ilk rübündə Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi mümkün deyil. Bunun üçün vaxt lazım olacaq. Əgər Ermənistan qanunvericiliyində müəyyən dəyişikliklər baş verəcəksə, bu, zaman alacaq. Ermənistanda olan hüquqi aktların dəyişdirilməsi üçün referendum təyin edilməlidir. Paşinyan artıq Ermənistanın yeni konstitusiyası ilə bağlı öz fikrini deyib. Bundan sonra isə Ermənistan xalqı bu məsələyə dair qərar verməlidir. Onlar Azərbaycanla yeni müharibə, yaxud bunun əksini istədiklərini birmənalı şəkildə qeyd etməlidir. Məhz bu qərardan sonra yeni sülh danışıqları başlanıla bilər.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər