8 Fevral 15:47
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbədənkənar prezident seçkiləri Zəfər, Qələbə seçkisi idi. Bu proses Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunması fonunda baş tutdu. İlk dəfə olaraq bütün ərazilərimizdə seçkilər keçirildi. Bu, bütöv Azərbaycanda keçirilən ilk seçki kimi tarixə düşdü. Sözsüz ki, bu, eyni zamanda dünyaya verilən bir mesaj idi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək, növbədənkənar prezident seçkilərinə getməklə yeni bir reallıq yaratdı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

“Seçkini izləyən xarici müşahidəçilərin açıqlamalara nəzər saldıqda onların doğrudan da burada Azərbaycanın ərazi bütövlüyünün əsas kimi götürüldüyünün şahidi oldular. Çünki illər boyu işğalda qalmış ərazilərimizdə heç bir seçki keçirilməmişdi. Ötən gün baş tutan seçkidə isə Mərkəzi Seçki Komissiyası azad edilmiş ərazilərimizdə 30-a yaxın seçki məntəqəsi təşkil etmişdi. Bu, olduqca önəmli tarixi hadisə idi”, - deyə o qeyd edib.

Millət vəkilinə görə, bu, tək seçki prosesi kontekstində deyil, siyasi tərəfi yüksək dəyərləndirilir: “Ali Baş Komandan cənab İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsi suverenliyimizə, ərazi bütövlüyümzə olan yüksək qiymətin göstəricisi hesab edilir. Cənab Prezident Xankəndidə səs verməklə dünyaya bir daha nümayiş etdirdi ki, biz bu gün suveren Azərbaycanda yaşayırıq, müstəqil daxili və xarici siyasətimiz var”.

Deputat bildirib ki, Azərbaycan xalqı seçkilərdə öz liderinə, Ali Baş Komandanına, torpaqlarımızı azad etmiş, qalib sərkərdəyə səs verdi: “Bütün bunlar mühüm amillərdir. Sözsüz ki, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə islahatlar bundan sonra da davam etdiriləcək. Siyasi, iqtisadi, hərbi sahədə olan reformlar uğurla həyata keçiriləcək. Cənab Prezident tərəfindən qarşıya qoyulan bütün məsələlər öz həllini tapacaq”.

Arzu Nağıyev hesab edir ki, bu seçki prosesi regional və qlobal miqyasda mühüm əhəmiyyət kəsb edən bir məsələ idi: “Ötən gün insanlarımızın seçki məntəqələrinə olan axını, məhz öz azad iradəsinə əsasən seçim etməsi olduqca önəmlidir. Çünki seçib-seçilmək hüququ vacib amildir, vətəndaşlarımız üçün bundan yüksək amal ola bilməz. Fevralın 7-də 1000-ə yaxın müşahidəçinin izlədiyi seçki prosesində dünya bir daha buna şahidlik etdi. Artıq regionda Azərbaycanın reallığı qəbul edilir. Sülh və sabitliyin bərqərar olması istiqamətində addımların atılması mütləqdir. Bu proses davam edəcək. Təbii ki, seçkilərdən sonra iqtisadi-siyasi, hərbi, mədəni-mənəvi və digər istiqamətlərdə islahatlar uğurla davam etdiriləcək. Bütün bunların fonunda dünya birliyi bir daha görəcək ki, Azərbaycanın müstəqil daxili-xarici siyasəti mövcudur və bu uğurların fövqündə Azərbaycan vətəndaşının rifahı, sülh və sabitlik dayanır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər