Prezident İlham Əliyevi seçkilərdə qələbə münasibətilə təbrik edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mövqeyi bizə aydındır. Çünki ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsindən sonra keçirilən seçkilər tarixi əhəmiyyətə malik idi. İndi Azərbaycan fərqli bir statusdadır. Xalqımız bu seçkilərdə Prezident İlham Əliyevə səs verməklə bir növ öz təşəkkürünü bildirirdi. Yüz illərlə, xüsusilə də son 30 il ərzində əziyyət çəkdiyi ağrılı, acılı, faciələrdən qurtulan xalqımız öz münasibətini məhz bu seçkilərdə bildirdi. Ona görə də heç kim və heç bir qurum bu seçkini hər hansı formada şübhə altına ala bilməz.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
“ABŞ, ATƏT və başqa müşahidəçilər belə buna əlavə şərh verə bilmədi. Əksinə, bu gün Qərb öz içərisində iki qütbə bölünür. Burada bir tərəf reallığı başa düşür. Prezident İlham Əliyevi qələbə münasibətilə təbrik edən Şarl Mişelin telefon zəngi bu qəbildəndir. Bu onu ifadə edir ki, seçkilər Azərbaycan xalqının iradəsi, mövqeyi və liderinə təşəkkürüdür. Xalq kimi ölkənin başında görmək istədiyini açıq şəkildə, birmənalı olaraq ifadə etdi. Bəziləri bu məsələləri başa düşsə də, yenə də boş hərəkətlər etməyə çalışırlar. Hansısa prosedur qaydalarından yapışıb gündəmə başqa mövzuları gətirmək istəyirlər”, - deyə o qeyd edib.
Millət vəkili Prezident seçkiləri ilə bağlı ölkə daxilində və kənarda heç kəsin başqa bir fikir söyləyə bilməyəcəyini vurğulayıb: “Bunu hər kəs gördü. Hamımız da bunun şahidi olduq. Seçkilərdə hamımızın ailəsi, ətrafında olan insanlar tam şəkildə iştirak edib. Bu o deməkdir ki, prosesə münasibət, yanaşma real rəqəmlərdə öz əksini tapıb”.
Səməd Seyidov Qərbdən artıq seçkilərlə bağlı deyil, onlara yanaşma mövqeyində fərqin hiss olunacağını söyləyib: “Onlardan bir qismi reallığı başa düşərək Azərbaycanla bağlı öz münasibətini açıq şəkildə bildirir. Məsələn Şarl Mişel kimi mövqeyini ortaya qoyur. Başqaları isə dolayısı ilə hansısa prosedur qaydalarından, bəhanələrdən bəhs edərək həmin məsələni təsdiq etməkdə özünü göstərir”.