10 Fevral 08:36
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri bütöv, qalib suverenliyi tam təmin olunmuş Azərbaycanda keçirildiyi üçün xalqımızın yaddaşına əbədi həkk olundu, Sözsüz ki, seçkilər ölkənin gələcək inkişafının müəyyən olunması baxımından mühüm siyasi hadisə hesab edilir. Demokratik, azad, ədalətli və şəffaf seçki keçirməklə ölkəmiz özünün bu sahədə olan zəngin təcrübəsi, qanunvericilik bazasının olduğunu təsdiqlədi. Təbii ki, 7 fevral seçkiləri əvvəlki seçkilərlə müqayisədə daha çox diqqət mərkəzində idi. Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə idi ki, seçkilər bütün ölkə ərazisini əhatə edirdi.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, azad edilmiş ərazilərimizdə keçirilən prezident seçkiləri dünyanın diqqət mərkəzində oldu: “Sözsüz ki, Zəfər seçkisində iştirak etmək və ən layiqli namizədə səs verməyi hər bir seçici özünə mənəvi borc hesab edirdi. Təbii ki, artıq öz yurd-yuvalarına geri dönmüş kemiş qaçqın və məcburi köçkünlərin doğma ata-baba ocaqlarında səs verməsi qürurverici hadisə idi. Bu mənada daha mütəşəkkil formada keçirilən seçkilər yaddaşlarda əbədi qalacaq. Seçkilərin məhz bu kontekstdə keçirildiyini yerli və beynəlxalq müşahidəçilərin sayı və iştirakı da təsdiqləyir. Seçkiləri 90 mindən artıq müşahidəçinin izləməsi faktını bu xüsusda qeyd etmək olar. Eyni zamanda 72 beynəlxalq təşkilat və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi 7 fevral seçkilərini izləyib. Həmçinin 109 beynəlxalq media qurumunun 216 təmsilçisi isə seçki prosesini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Seçkini müşahidə edənlərin 50 mindən çoxu 19 siyasi partiyanın nümayəndəsi idi. 83 qeyri-hökumət təşkilatı da seçkilərdə müşahidələr aparırdı”.

Deputat həmçinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 26 məntəqədə 23 mindən seçicinin səs verdiyini söyləyib: “Eyni zamanda Azərbaycan hüdudlarından kənarda olan vətəndaşlarımız 37 ölkədə 23 minə yaxın seçici kimi 49 məntəqədə səs verib. Bütün bunlar fevralın 7-də xalqımızın kütləvi şəkildə seçki məntəqələrinə gedərək Prezidentə, Müzəffər Ali Baş Komandana öz vəfa borcunu, Ona olan inam və etimadı səsləri ilə ifadə etdiyinin əyani göstəricisidir. Prezident seçkilərini izləmiş beynəlxalq müşahidəçilərin rəylərini də bunu bir daha təsdiq edir. Əslində beynəlxalq müşahidəçilərin hər şeyi olduğu kimi ifadə etməsi bəzi qərəzli qüvvələrə, o cümlədən Fransa və Almaniya kimi ölkələrə layiqli cavab idi. Çünki seçki prosesini izləmiş beynəlxalq təşkilatlar seçkilərin demokratik, beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli şəkildə keçirildiyini təsdiqləyir”.

Sevinc Hüseynova vurğulayıb ki, seçkidə inamlı qələbəsi və xalqın yekdil qərarı ilə qələbə qazanmış cənab Prezident İlham Əliyevə gələn təbriklər də prosesin mahiyyətindən xəbər verir: “Azərbaycan Liderini seçkidəki qələbəsi münasibəti ilə qardaş Türkiyə başqa olmaqla region dövlətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərlərinin təbrik mesajları reallığın açıq ifadəsidir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də Prezident İlham Əliyevə zəng edib və Onu seçkilərdəki qələbə münasibəti ilə təbrik etməsi xüsusi ilə qeyd olunur. Həmçinin telefon danışığında Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, energetika və nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub. Nəqliyyat və bağlantılar sahəsində Avropa İttifaqının region ölkələri ilə əlaqələri inkişaf etdirmək üçün konkret layihələrlə çıxış etdiyi diqqətə çatdırılıb. COP29-un Azərbaycanda keçirilməsi və bu çərçivədə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərindən danışılıb. Şarl Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib. Cənab Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının mahiyyəti də müzakirə olunub. Sözsüz ki, bütün bunlar Azərbaycanın özünə məxsus strateji yol xəritəsinə əsaslanan getdiyi bir müstəvinin mahiyyətinin əyani təsdiqidir. Gec-tez əsl həqiqəti və reallığı Avropa İttifaqının timsalında digər qurumlar da görəcəklər. Bu təbii ki, Azərbaycan Prezidentinin formalaşdırdığı yeni reallığın xarakterini göstərən mühüm faktordur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər