12 Fevral 11:18
6 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş nazirinin müavini Mger Qriqoryanın delimitasiya ilə bağlı açıqlamaları heç bir məntiqə uyğun deyil. Burada hansısa topoqrafik xəritələrə istinad edilməsi ilə bağlı deyilən fikirlər əsassızdır. Xüsusilə də Almatı bəyyannaməsi əsasında sərhədlərin dəqiqləşdirilməsinin aparılması ilə bağlı Ermənistan tərəfinin təklifləri qəbuledilməzdir.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

O qeyd edib ki, Almatı bəyyanaməsində ölkələrin ərazi bütövlüyünün tanınması ilə bağlı müddəa yer almışdı:

“Amma Ermənistan həmin razılaşmaya müəyyən qeydlər əlavə edərək imzalayıb. Həmin qeydlərdə də Qarabağın guya Azərbaycan ərazisi olmadığı müddəasına əsaslanıb”.

Politoloq hesab edir ki, Qriqoryanın məhz bu razılaşmaya istinad etməsi Azərbaycan tərəfindən qəbul edilən prinsip deyil:

“Sözsüz ki, Bakı heç vaxt bu şərtlərlə razılaşa bilməz. Azərbaycanın delimitasiya və demarkasiya ilə bağlı məsələlərin aparılmasına dair mövqeyi bəllidir”.

Oqtay Qasımov ötən ay ölkə Prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsində bu məsələyə dair Azərbaycanın mövqeyini açıq mətnlə ifadə etdiyini bildirib:

“Delimitasiya ilə bağlı tərəflər hansı metod üzərindən prosesi aparacaqlarsa, bunun üzərində işlənilməlidir. Burada tarixi-xronoloji, siyasi və digər yanaşmalar olacaqsa, həmin prinsiplərdən biri seçilməlidir. Məhz bu kontekstdə Azərbaycan Almatı bəyanatı əsasında prosesin aparılmasına razı olmayacaq”.


Müəllif: Tapdıq Qurbanlı