13 Fevral 18:54
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan-Ermənistan sərhədində baş verənlər göstərir ki, iki ölkə arasında sülh müqaviləsi imzalanmalıdır. Sülh müqaviləsi imzalanmasa, biz bu cür təxribatlarla, toqquşmalarla tez-tez rastlaşacağıq. Əgər Ermənistan hökuməti sülh müqaviləsinin imzalanmasında səmimidirsə, o zaman Bakının irəli sürdüyü prinsipləri qəbul etməlidir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, ötən gün Ermənistan ordusunun Azərbaycan ərazilərini atəşə tutması və sərhədçimizi yaralaması məqsədli təxribatdır:

“Təəssüf ki, Ermənistan hökuməti baş vermis təxribata operativ reaksiya göstərmədi, məsuliyyət daşıyan şəxsləri cəzalandırmadı. Bu da Azərbaycan Dövlət Sərhəd Xidmətinin müvafiq bölməsini qisas əməliyyatı həyata keçirməyə vadar etdi. Yayılan ilkin məlumata görə, bu gün ordumuz təxribatın törədildiyi erməni postunu dağıdıb, orada xidmət aparan bir neçə hərbçini məhv edib. Azərbaycanla hərbi münaqişəni davam etdirməkdə maraqlı görünən Ermənistan Fransa və Hindistandan aldınan silahlara güvənir. Rəsmi Bakı dəfələrlə bəyan etmişdi ki, Ermənistanın silahlandırılması Cənubi Qafqazdakı vəziyyəti daha da gərginləşdirəcək. Prezident İlham Əliyev bir müddət öncə Azərbaycan mediasına müsahibəsində Ermənistanla sərhəddə son 4-5 ayın ən sabit dövr olduğunu bildirmişdi. Bu sabitlik sülhə ümid yaradırdı. Ermənistan bu sabitliyi növbəti dəfə pozdu. Ermənistandakı revanşist qüvvələr, onların Qərbdəki himayədarları sülh prosesinə, münasibətlərin normallaşmasına zərbə vurmaq üçün fürsət axtarırlar. Baş nazir Paşinyan silahlı qüvvələrə nəzarəti əldən verib. Avropa İttifaqının missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışan Ermənistan kənar təxribatçı qüvvələrin təcrübə meydançasına çevrilib. Bir müddət öncə Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhəddə peyda olması, ABŞ mütəxəssislərinin erməniləri təlimatlandırması özünün mənfi nəticələrini verməkdədir. Sanki Ermənistan hərbi əməliyyatlara hazırlaşır”.

Alıyev qeyd edib ki, sərhəddəki təxribatın arxasında hansı qüvvələrin durmasından və məqsədindən asılı olmayaraq Azərbaycan Ermənistanın hər bir məsuliyyətsiz addımına qarşı kəskin cavab verəcək:

“Heç bir güzəştdən söhbət gedə bilməz. Ermənistan rərhərliyi atdığı hər bir addımın ağır nəticələrini düşünməlidir. Bizim sülh müqaviləsi imzalamaq üçün güclü siyasi iradəmiz olduğu kimi, müharibə aparmağa da gücümüz var. Ermənistan Azərbaycan Ordusunun həyata keçirdiyi 44 günlük Vətən müharibəsi, “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatları, ötən ilin sentyabrındakı 1 günlük antiterror tədbirlərinin nəticələrini unutmamalıdır. Azərbaycanın gücünü, hərbi qüdrətini ermənilərə kifayət qədər göstərə bilib. Prezident İlham Əliyevin dediyi kimi, Dəmir Yumruq yerindədir. Bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Biz daha öncə də ermənilərin bu kimi cinayətlərinin cavabını vermişik. Əgər unutsalar, biz tez-tez bu əməliyyatları təkrarlamalı olacağıq”.

Politoloqa görə, sərhəddə baş verən hərbi gərginliyin məsuliyyəti Ermənistan və onun havadarlarının üzərinə düşür:

“Cənubi Qafqazda münaqişənin qalmasında, Rusiya və İran sərhədləri yaxınlığında gərginliyin davam etməsində maraqlı olan Qərb bunun üçün səriştəsiz, məsuliyyətsiz siyasətçilər tərəfindən idarə olunan Ermənistandan yararlanır. Baş verənlər Azərbaycan və Ermənistandan başqa bütün kənar qüvvələrə sərf edir. Rusiya hərbçilərinin, Avropa İttifaqı missiyasının bölgədə qalması üçün münaqişənin davam etməsi lazımdır. Münaqişə olmasa, Hindistan, Fransa kimi ölkələr öz silahlarını Ermənistana sata bilməyəcəklər. İrəvanın ABŞ-ın təlimatlarına ehtiyacı qalmayacaq. Ermənistan artıq çirkin oyunun içindədir. Təxribatlar davam edəcəyi təqdirdə Azərbaycan sülh danışıqlarını saxlaya və sərhəddə bufer zona yaratmaq baradə düşünə bilər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər