Ermənistanın təxribatlarına qarşı ən effektiv addım sülh müqaviləsinin əldə edilməsidir. Sülh müqaviləsi imzalandıqdan, sərhədlərin razılaşdırılması bitdikdən sonra belə təxribatların olması ehtimalı azalır. İndiki halda erməni ordusunun belə bir cürət etməsi də təəccüblüdür. Əsgərimizə atəşi açan keçmiş erməni döyüşçülərdir.
Bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.
O qeyd edib ki, I Qarabağ döyüşlərinin iştirakçısı olmuş bəzi yaşlı ermənilər indi özlərini bu kimi təxribatlarda göstərməyə çalışır:
“İddia edirlər ki, guya onlar həmin vaxt qələbə qazanıb, qorxmurlar və s. Təbii ki, bütün bu hərəkətlər araşdırılacaq. Çünki Azərbaycan buna qarşı sərt adekvat addımlar atacaqdı”.
Hərbi ekspert Azərbaycan tərəfindən bir əsgərin yaralanması ilə nəticələnən təxribata qarşı 4 erməni əsgərinin məhv edildiyini bildirib:
“Məhv edilmiş ermənilərin yaş ekvivalenti də onların hansı məqsədlərlə döyüş postuna gəldiyini təsdiq edir. Sözsüz ki, qarşı tərəf bundan sonra təxribata əl atsa, adekvat cavab çox sərt olacaq. Şərti sərhəd xəttində onların addımlaması belə mümkün olmaya bilər. Ona görə də, təxribatlara son qoyulmalıdır. Erməni tərəfinin hər bir hərəkəti Azərbaycan Ordusunun tam nəzarətindədir. Hakim yüksəkliklərdə Azərbaycan əsgəri dayanıb. Ermənilər dağların arasından dərələrdə müəyyən qüvvə yığsalar da Azərbaycan Ordusu bunları nəzarətdə saxlayır. Əgər hər hansı hərəkətlilik olsa, Ordumuz onlara kəskin cavab verəcək”.
General-leytenant erməni təxribatının Zəngilan istiqamətində olmasına da diqqət çəkib:
“Onlar qorxurlar ki, Azərbaycan Ordusu Zəngilan istiqamətindən Zəngəzur dəhlizinə daxil ola bilər. Təbii ki, Azərbaycan bütün hədəflərinə nail olacaq. Bu gün Ermənistanın nəzarətində olan 8 kənd də qısa zamanda geri qaytarılacaq. Erməni tərəfi bununla bağlı siyasi iradə göstərsə, məsələ xoşluqla həll olunacaq. Əks halda Azərbaycan heç kəsə bir söz demədən Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin bölmələri anklavları azad edib orada qayda-qanunu təmin edəcək. Bundan başqa yol da yoxdur. Belə də olacaq”.