Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Oqtay bəy, Ermənistanın növbəti təxribatı, Azərbaycanın haqlı olaraq sərt reaksiyası Cənubi Qafqazda yeni eskalasiyanın başlanması kimi şərh edilir. Bölgədə yeni hərbi qarşıdurma ehtimallarını necə dəyərləndirirsiniz?
- Hazırda bölgədə irimiqyaslı hərbi əməliyyatlar üçün elementlər olsa da bunun baş verməsi ehtimalı azdır. Təbii ki, gərginlik var. Təxribatlar üçün təhdidlər qalmaqdadır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıbsa, belə təhdidlər olacaq. Eyni zamanda erməni tərəfinin öz öhdəliklərini yerinə yetirməməsi gərginliyin qalmasına səbəb olan amillərdir. Zəngəzur dəhlizinin açılması, mina xəritələrinin verilməsi kimi vacib öhdəlikləri qarşı tərəf icra etməyib. İndiyə kimi təqdim edilən mina xəritələrinin doğruluğu isə 20-25 faiz təşkil edir. Eyni zamanda Ermənistanın sürətlə silahlanması və son bir ayda bu istiqamətdə verilən açıqlamalar bölgədə gərginliyin qalmasına xidmət edən amillərdir. Amma bütün bunlara baxmayaraq yaxın bir neçə ayda Azərbaycanla Ermənistan arasında irimiqyaslı hərbi əməliyyatların aparılacağı gözlənilmir.
- Rusiya tərəfindən son günlər Zəngəzur dəhlizi ilə bağlı verilən açıqlamalar bu prosesdə nə dərəcədə təsirli görünür?
- Zəngəzur dəhlizinin açılması ilə bağlı mümkün gərginliklərin olması qaçılmaz görünür. Rusiya tərəfindən də Ermənistana bu istiqamətdə müəyyən təzyiqlər var. Xüsusi ilə də dünən və srağagün baş verən hadisələr bir daha onu göstərdi ki, Ermənistanın arxasında, onu təhrik edən Fransa kimi dövlətlər məhz bu regionda gərginliyin olmasında maraqlıdır.
- Təxribatların sülhü növbəti dəfə daha uzaq bir tarixə qədər təxirə salması ehtimalı varmı?
- Azərbaycan sülh gündəliyinə sadiqdir. Bakı bu prosesi irəliyə aparmaq istəyir. Sadəcə olaraq Ermənistan tərəfindən prosesə ciddi əngəllər törədilməkdədir. Heç təsadüfi deyil ki, ötən gün Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Ermənistanın xarici işlər naziri ilə görüşündə səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir ki, bir çox qurumlar və dövlətlər bölgədə sülhün əldə olunmasında maraqlı deyil. Bu da müəyyən gərginliyin, risklərin saxlanmasına xidmət edir.
- Anklavların hərbi əməliyyatlar nəticəsində azad olunacağı ilə bağlı fikirlər səslənir. Bu hansı halda mümkün ola bilər?
- Azərbaycan bu məsələnin danışıqlar yolu ilə həllində maraqlıdır. Delimitasiya komissiyalarının bu məsələni həll etməsi gözləntisi var. Ermənistan bu kəndlərin Azərbaycana qaytarılması ilə bağlı indiyə kimi təxminən üç il yarım müddətində sadəcə vaxt uzadıb. Bütün hallarda hətta özlərinin istinad etdiyi Almatı bəyannaməsinə görə də həmin kəndlər Azərbaycan ərazi bütövlüyünə daxildir. Gec-tez Ermənistan bu kəndləri qaytarmaq məcburiyyətindədir.
- Kəndlərin qaytarılmasının Ermənistanın təhlükəsizliyi üçün ciddi problemlər yaradacağı iddia edilir. Bunu erməni tərəfi hansı məntiqlə əsaslandırır?
- Anklav kəndlərin geri qaytarılması ilə bağlı Ermənistanın iki mühüm çıxış yolu Azərbaycanın nəzarətinə keçmiş olur. Xüsusi ilə də Qazaxın Yuxarı Əskipara və Naxçıvanın anklav olan Kərki kəndi strateji əhəmiyyətə malikdir. Ermənistanı İranla birləşdirən və onun Qara dənizə çıxışını təmin edən vacib yol Kərki kəndinin ərazisindən keçir. Bu kənd Zəngəzur və İran sərhədini birləşdirən yolun üzərində yerləşib. İrəvandan gələn və Gürcüstana birləşən ikinci yol isə Yuxarı Əskipara kəndinin ərazisindən keçir. Ona görə də, erməni tərəfi bu kəndləri nəzarətdə saxlamağa çalışır. Sözsüz ki, Azərbaycan bununla qəti şəkildə razılaşmayacaq. Qazaxın anklav olmayan 4 kəndi isə qısa zamanda boşaldılmalıdır. Əraziyə Daxili Qoşunlar, polis qüvvələrinin nəzarəti həyata keçirilə bilər.