Münxendə Almaniya kansleri Olaf Şolzun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün təşkili təqdiralayiq idi. Almaniyanın vasitəçiliyinin yeni format kimi də dəyərləndirilməsi ilə bağlı yanaşmalar var. Əslində, bu müsbət məqamlardır. Almaniyanın bu prosesdə yer almasının mənfi tendensiyalara yol açması ehtimalı azdır. Hər alda Almaniya Fransa deyil. Almaniyalı deputatlar fransızlar qədər ermənilər üçün canfəşanlıq etsələr də, hökumət səviyyəsində Azərbaycanla münasibətlərin pozulmasının nə dərəcədə yanlış olduğunu anlayırlar.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
“Bu tip görüşlərin təşkili, vasitəçilərsiz məsələnin həlli iqtiqamətində Azərbaycan Prezidentinin də önə çəkdiyi prosesin başlanması deməkdir. Sadəcə olaraq Azərbaycan tərəfi bu prosesi daha səmimi apardığına görə, Ermənistandan da eyni yanaşma gözlənilir”, - deyə o qeyd edib.
Partiya sədri hesab edir ki, Ermənistanın bu istiqamətdə ata biləcəyi addımlar sülh prosesinin irəliləməsi üçün faydalı ola bilər:
“Bütün hallarda Azərbaycanın təklif etdiyi şərtlər daxilində məsələlərin müzakirəsi vacibdir. Çünki Bakı qarşı tərəfə sülh konsepsiyasına əsaslanan 5 prinsipdən ibarət sülh paketi təqdim edib. Danışıqların gedişində hansısa məsələ üzərində kompramisin əldə olunması ehtimalları da az deyil”.
Fazil Mustafaya görə, Azərbaycanla Ermənistan arasında müzakirələrin bu formatda başlaması yaxşı əlamətdir:
“Çünki birbaşa dialoqun olması müsbət haldır. Azərbaycan Prezidentinin Ermənistan baş naziri ilə görüşünün müəyyən məqamları aydınlaşdıqdan sonra danışıqların nə dərəcədə faydalı istiqamətdə aparıldığı bəlli olacaq”.