Prezident seçkilərinin nəticələri ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İlham Əliyevi təbrik etdi və danışıqlar zamanı Brüssel müstəvisində müzakirələrin bərpasına razılıq verildi. Burada əsas şərt Fransanın iştirakı olmadan bu danışıqların təşkili idi. Münxen Təhlükəsizlik Konfransında ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti ilə görüşündə də bu mövzu gündəmdə olub. Blinken həmin görüşdə qeyd etmişdi ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əlindən gələni edəcək.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
“Bu onu göstərir ki, danışıqlar həm də Vaşinqton müstəvisində davam edə bilər. Sözsüz ki, bu cür danışıqların müxtəlif müstəvilərdə davam etdirilməsi hər şeydən öncə Azərbaycan və Ermənistanın maraqlarına uyğundur”, - deyə o qeyd edib.
Partiya sədrinə görə, hər hansı bir tərəfin vasitəçiliyi ilə sülh danışıqları davam etdiriləcəksə, digər tərəflər proseslərə mümkün qədər mane olacaq:
“Həmçinin burada maraqlı olan tərəflərin başqa problemlər yarada biləcəyi ehtimalıdır. Ona görə də, yeganə düzgün yol üç (Moskva, Brüssel, Vaşinqton) müxtəlif istiqamətdə danışıqların davam etdirilməsidir. Belə olan halda Azərbaycan və Ermənistan yaranmış vəziyyətdən bəhrələnərək yalnız iki dövlətin maraqlarına uyğun sülh müqaviləsi imzalamalıdır”.
Sərdar Cəlaloğlu hesab edir ki, müxtəlif müstəvilərdə danışıqların davam etdirilməsi üçüncü tərəflərin prosesə müdaxiləsinin qarşısını alır: “Bu çox düzgün bir mövqedir. Azərbaycan və Ermənistan öz dövlət maraqlarını rəhbər tutub ən azı bu məsələdə əməkdaşlıq etməli, bir-birinə qarşılıqlı dəstək verməlidir. Tərəflər Rusiya, Avropa İttifaqı və ABŞ-yə heç bir imtiyaz tanımamalıdır”.