23 Mart 15:54
6 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın Qazax rayonu ilə sərhəd kəndlərdə olarkən söylədikləri diqqət mərkəzindədir. Əslində, bu mövqe ona dəlalət edir ki, erməni tərəfində reallığı başa düşən, Azərbaycan kəndlərinin işğal altında olduğunu qəbul edən kifayət qədər şəxslər var. Paşinyan da bu reallığı bilir. Həmin səfərdə onun söylədikləri də aydın mesaj kimi dəyərləndirilir.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

Onun fikrincə, Paşinyanın ənənəvi olaraq dediyi ilə əməlləri üst-üstə düşməyəcəksə, təbii ki, proses uzanacaq:

“Ermənistan baş nazirinin Qazaxla həmsərhəd kəndlərin sakinləri ilə görüşdən sonra Brüsselə səfəri də diqqət cəlb edib. Səfərdə o, Emmanuel Makron daxil. bir çox ölkə başçıları və Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşdü. Əgər Münxen toplantısının ardınca baş tutmuş Paris görüşündən sonrakı nəticə yaşanacaqsa, yəni Paşinyan fikrini dəyişəcəksə, gərginlik qalacaq”.

Politoloqa görə, Paşinyan Ermənistanın Tavuş vilayətində söylədiyi fikirlərə sadiq qalacaqsa, parlamentdə, cəmiyyətdə müqavimətə üstün gələcəksə, bunda maraqlı olacaqsa, Azərbaycanın kəndləri qaytarılacaq:

“Belə olan halda isə hansısa hərbi eskalasiyaya, güc tətbiqinə ehtiyac yaranmayacaq. Bunun əksinə olaraq Paşinyan ənənəsinə uyğun olaraq ziddiyyəti mövqe sərgiləyəcəksə, təbii ki, bu, gərginliyə yol açacaq”.

Oqtay Qasımov hesab edir ki, belə olduğu halda Azərbaycan kəndlərin işğalda qalmasına sona kimi dözümlü yanaşmayacaq:

“Bu baxımdan hər şey Paşinyan hakimiyyətinin davranışlarından asılıdır. Ümid edək ki, Ermənistan hakimiyyəti nəhayət rasional davranış sərgiləsin. Bununla da güc tətbiqinə ehtiyac qalmayacaq. Proses dinc formada nizamlanacaq”.


Müəllif: Tapdıq Qurbanlı