25 Mart 09:05
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Ermənistan arasındakı münasibətlərdə yeni səhifə açıla bilər. Ölkəmiz bunun üçün müvafiq addımlar atır, təkliflər verir. Bu xüsusda vasitəçilərsiz baş nazirlərin müavinlərinin görüşünün təşkili olduqca önəmlidir. Nəticədə, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı Ermənistan namizədliyini geri götürdü. Azərbaycan isə İrəvanın büro üzvü seçilməsinə dəstək verdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan parlamentinin sədrləri müxtəlif tədbirlərdə görüşüb:

“Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın bu xüsusda ikitərəfli görüşü olduqca önəmlidir. Post-münaqişə dövrünün yol xəritəsi real şəkildə işləməlidir. Parlamentlərarası münasibətlərlə yanaşı, ittifaqlar, ziyalılar, elm xadimləri arasında görüşlərin keçirilməsi müsbət hal olar. Eyni zamanda hər iki ölkənin parlamentinin deputatları arasında da görüşlər keçirilə bilər. Üçüncü ölkədə, etimad mühiti yarandıqdan sonra bir-birinin paytaxtında bu görüşləri təşkil etmək mümkündür”.

Millət vəkili hesab edir ki, artıq müharibə bitib, sülh müqaviləsi üzərində intensiv iş gedir:

“Həmin ərəfəyə qədər etimad mühitini möhkəmləndirmək olar. İki qonşu ölkə arasında sülhün alternativi yoxdur. Bunu Ermənistan cəmiyyəti, hər bir erməni vətəndaşı yaxşı bilməlidir. Münasibətlər birdən-birə yüksək səviyyəyə çata bilməz. Addım-addım buna getmək lazımdır”.

Aydın Mirzəzadə vurğulayıb ki, sülh müqaviləsi bağlandıqdan sonra səfirliklər açılacaq, sərhəd buraxılış məntəqələri təşkil ediləcək:

“Azərbaycan Ermənistan ərazisindən Naxçıvana, oradan digər ölkələrə gedəcək. Ermənistan da Azərbaycan ərazisindən Rusiya və Gürcüstana keçəcək. Bunlar həll olunası məsələlərdir. Ermənistan tərəfindən siyasi iradə, konstruktiv yanaşma olarsa, xalq diplomatiyasının digər vasitələri tətbiq edilə bilər. Zaman-zaman ikitərəfləri münasibətləri normal qonşuluq əlaqələrinə çatdırmaq olar”.


Müəllif: Tapdıq Qurbanlı