Ermənistanın hərbi təlim adı altında silahlı qüvvələrini Azərbaycanla şərti sərhəddə cəmləşdirməsi təsadüfi deyil. Bu heç də qarşı tərəfin hərbi müdaxiləsi və cəhdi kimi dəyərləndirilə bilməz. Ermənistanın belə bir gücü və imkanı yoxdur. Sadəcə olaraq erməni tərəfini qızışdıran qüvvələr var və onlar indiki mərhələdə daha çox gərginliyin yaranmasında maraqlıdırlar.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, Azərbaycanın hələ də Ermənistanın işğalında qalan 8 yaşayış məntəqəsi mövcuddur və Zəngəzur dəhlizi ilə bağlı fərqli yanaşmalar var:
“Azərbaycanın güc amili ilə bu məsələləri həll edəcəyi iddia olunur. Guya Bakının hansısa planlarının olduğu ehtimalından danışılır. Təbii ki, bu, Ermənistanın daxili işidir. İndiki halda Ermənistan ordusunun hərbi cəmləşmə nöqtələrinə dislokasiya edilməsi isə təlimlərlə bağlıdır”.
Polkovnik bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan - Kərki kəndi istiqamətində cəmləşməsi də mənasızdır:
“Çünki Kərki kəndi ilə bağlı mübahisə və dinamika yoxdur. İndiki halda Qazaxın ölkə ərazisinə bitişik 4 kəndinin təhvil verilməsi məsələsi var. Burada Rusiya mənbələrinin Ermənistanla bağlı verdiyi məlumatın mahiyyətini daha çox diqqəti cəlb edir”.
Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan xarici işlər nazirinin müavinin Moskvada keçirdiyi görüşlər fonunda, Rusiyanın Ermənistandakı səfirinin İrəvanda səsləndirdiyi fikirlər indi daha çox marağa səbəb olub:
“Rus səfir iddia edib ki, Qarabağ məsələsi həll olunmayıb və erməni millətindən olan vətəndaşlar öz tarixi ərazilərinə qayıtmalıdır. Bunun üçün də Rusiya sülhməramlıları əllərindən gələni edə bilər.
Eyni zamanda aprelin 5-də Brüsseldə planlaşdırılan görüşün pozulamasında maraqlı olan qüvvələr var. Bu prosesdə Azərbaycan yer alımır. Amma Rusiya, Fransa əlindən gələni edir ki, tərəflər arasında hansısa gərginlik yaşansın”.
Ekspertin fikrincə, Ermənistan ordusunun cəmləşmə yerini dəyişməsi heç bir real təhlükə doğurmur:
“Qoşunlar həmişə hərbi təlimlər üçün yerdəyişmə edir. Ona görə də, Azərbaycanla Ermənistan arasında hər hansı bir müharibənin olması mümkünsüzdür. Ermənistanın belə bir gücü də yoxdur. Fransa, Hindistandan alınan müəyyən hərbi texnikalar Ermənistana Azərbaycanın gücü qarşında heç bir üstünlük vermir. Ona görə də Ermənistan hər hansı ağılsızlıq edəcəyi təqdirdə daha ağır zərbələr alacaq”.