1 Aprel 14:22
1 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı-ABŞ və Ermənistan arasında aprelin 5-də Brüsseldə görüşün keçirilməsi gözlənilir. Bu ərəfədə erməni tərəfi silahlı qüvvələrini hərbi təlimlər adı altında Azərbaycanla şərti sərhəddə cəmləşdirir. Sözsüz ki, burada hansısa bağlar axtarmaq iddiasında olanlar var. İnanılmış məlumat qıtlığı fonunda bu cür informasiyalar daha çox tirajlanır.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, Ermənistanın ərazisində qoşunun hər hansı istiqamətdə cəmləşməsi Azərbaycan üçün təzyiq elementi ola bilməz:

“Bundan öncə İran da Araz çayı sahilinə, Azərbaycanla sərhəddə yüz minlik qoşun yığmışdı. Əsas odur ki, təxribat olmasın. Azərbaycan da öz Ordusunu həmin sərhədlərə cəmləşdirə bilər. Aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında keçiriləcək görüşlə bağlı da yanlış yanaşmalar sərgilənir. İddia edirlər ki, guya bu görüşdə Ermənistana hansısa təhlükəsizlik zəmanətləri verilə bilər”.

Politoloq hesab edir ki, 5 aprel görüşündə Ermənistana təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı səslənən iddialar məntiqsizdir:

“Çünki burada üçtərəfli hansısa hərbi ittifaqın bağlanması mümkün deyil. Eyni zamanda ABŞ və Avropa Komissiyası öz qoşunlarını Ermənistana yerləşdirmək imkanları yoxdur. Ona görə də, burada hansısa təhlükəsizlik amilindən danışmaq yersizdir”.

Zərdüşt Əlizadəyə görə, Ermənistanın təhlükəsizliyi qonşuları ilə münasibətlərdən asılıdır:

“İrəvan Bakı ilə sülh müqaviləsi imzalayıb, Türkiyə ilə münasibətləri sahmana salıb təhlükəsizliyinə təminat ala bilər. Sadəcə olaraq Ermənistan daxilində bəzi qüvvələr təxribatlar fonunda keçmişdə öz maraqlarını təmin etdiyi üçün indi də bu iddialardan əl çəkmir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər