“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Son 22 ildə ilk dəfə olaraq Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) bir seçkini müxalifətdəki əsas rəqibi Cümhuriyyət Xalq Partiyasına (CHP) uduzdu. Bu durum necə izah oluna bilər?
- Prinsipcə, CHP son prezident və parlament seçkilərində də AKP ilə ciddi rəqabət apardı. Mən də o fikirdəyəm ki, o zaman Kamal Kılıçdaroğlu yox, son seçkidə ciddi qələbə qazanan Əkrəm İmamoğlu. yaxud Mansur Yavaş olsaydı, bəlkə də CHP-nin namizədi uda bilərdi. Amma o zaman Kılıçdaroğlu ayağını dirədi ki, namizəd mən olmalıyam. Kılıçdaroğlu isə təkcə birinci yox, ikinci turda da uduzdu.
AKP-nin bu məğlubiyyətinin səbəblərindən biri iqtisadi durumla bağlıdır. Türkiyədə infilyasiya artır, lirə dəyərdən düşür və sair. Düzdür, iqtisadi inkişaf da var, amma bu, insanların həyatlarına təsir edəcək səviyyədə deyil. Bu amillərin seçkinin nəticələrində rolu oldu. Üstəgəl, yəqin yorğunluq da var, AKP 20 ildən çoxdur iqtidardadır. Ərdoğanın özü də bundan əvvəlki açıqlamalarında “metal yorğunluq” ifadəsinə yer vermişdi. Bu da özünü büruzə verir. Nəticədə son 20 ildə AKP ilk dəfə bir seçkidə ikinci partiya oldu.
Maraqlıdır ki, hakim partiya İstanbulda bütün gücünü ortaya qoymuşdu, MHP də vardı, Ərdoğan, nazirlər də meydanlardaydı. Amma bu dəfə alınmadı. Hətta 2019-cu ildə Əkrəm İmamoğlu müxalifət koalisiyasının namizəd idi. Bu dəfə isə həmin koalisiya olmadan qələbə çaldı, özü də çox böyük fərqlə... Mansur Yavaşın səs nisbəti ondan da böyük idi. CHP-nin digər iri şəhərlərdə də qələbələri var. Bütün bunlar onu göstərir ki, insanlar artıq dəyişiklik istəyirlər. Yorğunluq özünü göstərir.
2028-ci ildə prezident seçkisi keçiriləcək, Ərdoğan artıq iştirak etməyəcək. Əgər ona qədər bir xarizmatik namizəd tapmasa, partiyasında islahatlara həyata keçirməsə, CHP-nin namizədinin həmin seçkilərdə qələbə qazanmaq şansı artacaq. Artıq iki uğurlu namizədi də var: Əkrəm İmamoğlu və Mansur Yavaş. Yəqin ki, 2028-ci ildə CHP-nin namizədi bu iki nəfərdən biri olacaq.
- CHP-nin qələbəsini Kamal Kılıçdaroğlunun gedişi və ya partiya rəhbərliyinin yenilənməsi ilə əlaqələndirənlər də var. Belə bir vəziyyətdə, yəni indiki məqamda bələdiyyə yox, parlament və ya prezident seçkiləri keçirilsəydi, nəticələr yenə eyni olacaqdı?
- Dediyim kimi, o zaman prezident seçkisində namizəd Kılıçdaroğlu olmasaydı, bəlkə də CHP qələbə çala bilərdi. Məsələn, Mansur Yavaş və ya Əkrəm İmamoğlu ilə qatılsaydı. Bu, indinin özündə də belə ola bilərdi. Faktiki olaraq, İmamoğlu Murat Kurumla mübarizə aparmırdı, qarşısında Ərdoğan var idi. Bələdiyyə seçkiləri olsa da, seçki kampaniyasında meydanlarda Ərdoğan çıxış edirdi, təkbaşına mübarizə aparırdı. Amma bu da yetmədi. Əlbəttə, İmamoğlunun İstanbul kimi böyük, büdcəsi bir dövlətin büdcəsinə bərabər şəhərdə qələbə qazanması siyasi baxımdan Ərdoğan üzərində böyük qələbə sayıla bilər.
- Qələbədən ruhlanan CHP erkən prezident seçkisi iddiası ilə çıxış etməyə başlayıb. Belə bir ehtimal nə qədər mümkündür?
- Əlbəttə, indi belə tələblər səsləndirilə bilər, çünki CHP-də qələbə eyforiyası var. Amma bir müddət sonra bu tələblər səngiyəcək. Həmçinin buna Ərdoğan qərar verəcək. Amma Ərdoğan anlayır ki, erkən seçkiyə getsə, məğlub ola bilər. Buna görə də, seçkini vaxtında keçirməyə çalışacaq. İndi müxalifətdə səslər yüksələcək ki, erkən seçki keçirilsin. Amma Ərdoğanın bununla razılaşacağına inanmıram.
- Cümhuriyyət Xalq Partiyası əldə etdiyi üstünlüyü 2028-ci il prezident və parlament seçkilərinə qədər qoruyub saxlaya biləcəkmi?
- Bu, CHP-nin siyasətindən asılı olacaq. Əgər seçilən bələdiyyələr xalqa xidmət edərlərsə, maraqlı layihələr həyata keçirərlərsə, yerlərdə insanların dəstəklərini qazanarlarsa, bunların CHP baxımından gələcək seçkilərdə müsbət təsirləri ola bilər. Məsələn, keçmişdə CHP-yə ancaq sosial-demokratlar səs verirdilər. Amma bu səslər kifayət etmirdi ki, AKP üzərində qələbə qazansınlar. Bu dəfə CHP əhalinin müxtəlif kəsimlərindən səs aldı. Onların içində sosial-demokratlar, mühafizəkarlar, dindarlar, kürdlər var. Yəni əhalinin ən müxtəlif təbəqələrindən səs aldılar. Belə olmasaydı, CHP bu qədər səs toplaya bilməzdi. Çünki CHP-nin öz səsi 20-25 civarındadır. Bu dəfə bu səddi aşıb 38-39-a çatdılar. Bu da o deməkdir ki, insanlarda AKP ilə bağlı yorğunluq yaranıb.
- Son qələbədə adı ən çox hallandırılan Əkrəm İmamoğlu, yoxsa Mansur Yavaş 2028-ci il seçkilərində ana müxalifətin vahid namizədi olacaq?
- İmamoğlu xarizmatik siyasətçidir, populizmə meyllidir, danışmağı, çıxış etməyi xoşlayır. Mansur Yavaş stabil siyasətçidir, çox danışmağı yox, iş görməyo sevir. Aralarındakı fərq budur. Amma mən deməzdim ki, mütləq İmamoğlunun namizədliyi irəli sürüləcək. Ona qalsa, Mansur Yavaş seçkilərdə daha yaxşı nəticə göstərdi. Yavaşla AKP-nin namizədi Turqut Altınok arasındakı fərq 30 faiz idi, İmamoğlu da rəqibini 10-11 faiz fərqlə uddu. Yəni Mansur Yavaş daha yaxşı nəticə əldə etdi. Sadəcə Mansur Yavaş publik siyasətçi deyil, meydanlarda çıxış etməyi çox da xoşlamır. Siyasətdə də əsas danışmaq, bəyanat vermək, xarizmadır. Bu baxımdan, yüksək ehtimalla İmamoğlunun namizədliyi irəli çəkilə bilər.
İmamoğlu ikinci dəfədir İstanbul kimi meqapolisdə qələbə çalır. Ərdoğan da vaxtilə İstanbulun bələdiyyə sədri kimi böyük siyasətə gəlmişdi. Uğurları da oradan başladı.
- Yavaş, ya İmamoğlu – Azərbaycan üçün kim daha uyğundur?
- Türkiyədə hakimiyyətə kim gəlir-gəlsin, Azərbaycanla strateji müttəfiqliyə sadiq qalacaq. Bu, müstəqilliyin ilk illərindən davam edir. Sadəcə Ərdoğanın dönəmində ittifaq daha da güclənib. Bundan sonra da kim gəlir-gəlsin, Şuşa bəyannaməsinə riayət edəcək. CHP və digər müxalifət nümayəndələri, liderləri və deputatları ilə Türkiyədəki görüşlərimdə bu sualları onlara vermişəm. Soruşdum ki, nə vaxtsa hakimiyyətə gəlsəniz, Azərbaycanla siyasəti necə formalaşdıracaqsınız? Eyni sözü dedilər, Azərbaycanla müttəfiqliyə sadiq qalacaqlarını dedilər.
Hesab edirəm ki, İmamoğlu, Yavaş və ya qeyrisi gələcəkdə hakimiyyətə gələrsə, Azərbaycanla ittifaqa sadiq qalacaq.
- İmamoğlu projedirmi – bir Qərb layihəsidirmi? Uzun müddətdir bu məsələ də ictimai-siyasi çevrələrdə müzakirə olunur.
- İnanmıram. Bu, İmamoğlunun mövqelərini zəiflətmək üçün ortaya atılmış tez idi, amma işləmədi. İmamoğlu yenə də uddu. Əlbəttə, Qərbin müəyyən dairələri artıq Ərdoğanın siyasətdən getməsini istəyirlər, zatən nə vaxtsa gecədək, heç kim əbədi deyil. Amma mütləq deyil ki, onun yerinə gələcək şəxs Qərbin adamı olacaq. Ərdoğanın yerinə gələn də, Türkiyənin milli maraqları nə diktə edəcəksə, o siyasəti yürüdəcək.
- Son seçkinin nəticələri AKP və Prezident Ərdoğan üçün həm də bir siqnal oldu. Sizcə, bunu nəzərə alan Ərdoğan 2028-ci ilədək hansı yolu seçəcək, məğlubiyyətin bir də təkrarlanmaması üçün güclü varis olaraq kimi seçəcək? Bu baxımdan, daha çox xarici işlər naziri Hakan Fidan və “Baykar” şirkətinin icraçı direktoru Səlcuq Bayraktarın adı çəkilir.
- Türkiyə Konstitusiyasına görə, Ərdoğan 2028-ci il seçkilərində iştirak etməyəcək. Demək, Ərdoğan yerinə özü kimi xarizmatik lider tapmalıdır.
Hakan Fidana gəlincə, o, iş adamıdır, yəni işini yüksək səviyyədə görən adamdır, dövlətin bütün tapşırıqlarını yüksək səviyyədə yerinə yetirir. Amma publik siyasətçi deyil. Bayraktar daha çox iddialı ola bilər, nüfuzu daha yüksəkdir. Qardaşı (Haluk Bayraktar) ilə birlikdə rəhbərlik etdiyi şirkət Türkiyənin nüfuzunu daha da qaldırır. PUA-lar və digər müasir texnologiyalarla bağlı uğurlu layihələr Türkiyənin imicinə güclü təsir göstərir. Bayraktarın keçirdiyi texnoloji sərgilərə milyonlarla insan qatılır.
Düşünürəm ki, Hakan Fidan və Səlcuq Bayraktar arasında seçim olsa, siyasi, xarizma və publik baxımdan, Bayraktar bu rola daha iddialı görünür. Yəni Bayraktar seçkidə Ərdoğan kimi daha çox səs qazana bilər.