5 Aprel 08:36
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə ilk dəfə baş tutan səfəri olduqca mühüm tarixi əhəmiyyət kəsb edir. Bu səfər, ölkəmizin Afrika qitəsi ölkələri ilə uğurla davam edən əməkdaşlığında yeni bir səhifə açacaq. Səfər çərçivəsində Konqo və Azərbaycan arasında imzalanmış Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə arasında münasibətlərin inkişafı baxımından önəmli bir təməldir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, ölkələrimiz arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyi şübhəsizdir: “Azərbaycanın BMT və Qoşulmama Hərəkatı çərçivəsində Konqo ilə yüksək səviyyədə münasibətləri mövcuddur. Cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycanın Konqonun dəstəyini hər zaman hiss etdiyini xüsusilə vurğulayıb. O qeyd edib ki, “Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir”. Dövlətimizin başçısı belə bir zəmində Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafının da təmin edildiyinə diqqət çəkib. Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın prioritetləri sırasında neokolonializmə qarşı mübarizə məsələlərinin də durduğunu qeyd edən cənab Prezident ölkəmizin xarici siyasətində bu sahənin xüsusi önəm daşıdığını bildirib”.

Deputat bildirib ki, həm tarixi, həm də müasir dünyanın tələbləri nöqteyi-nəzərindən Azərbaycanın Afrika ölkələri ilə qarşıqlıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur: “30 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurların Afrika ölkələrinin də marağına səbəb olduğu aydın məsələdir. İndi qarşılıqlı əməkdaşlığın üfüqlərini genişləndirməyin vaxtıdır. Keçmiş sovet dönəmində Afrikanın müxtəlif ölkələrindən çox sayda tələbə Azərbaycanın ali məktəblərində, xüsusilə neft ixtisası üzrə təhsil alıb. Görüş çərçivəsində bu cür ənənənin bərpa olunması üçün müvafiq göstərişlər də verilib. Koronavirus pandemiyası dövründə Azərbaycanın Afrika ölkələrinə göstərdiyi yardımlar çətin dövrdə humanist, addım kimi qiymətləndirilib. Bu həmçinin Ümumdünya Səhiyyə Təşkilatının hesabatında da qeyd edilib”.

Tamam Cəfərova vurğulayıb ki, Azərbaycan bütün dünyada özünün humanist və xoşməramlı çağırışları ilə günü-gündən nüfuzunu və təsir dairəsini genişləndirir: “Bu baxımdan Afrika ölkələrinin də Azərbaycanın xoş niyətini və dürüst siyasətini dəstəkləməsi təbii haldır. Bütün bunlar iki ölkə arasında imzalanmış Azərbaycan-Konqo sənədləri dostluğun və əməkdaşlığın inkişafına ciddi təkan verəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər