İranda inqilab baş verəndə İslam dünyasında bir həyəcan yaranmışdı. Həyəcanın səbəbi “müasir dövrdə müsəlman dünyasının Qərb sivilizasiyasına qarşı mövqe tutması ehtimalı” idi. Amma bir müddət sonra İranda “totalitar rejim” doğuldu. Bu rejim öz gücünü həmişə başqasının təhdidindən alır.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Haber 7” saytının analitiki Hasan Öztürk deyib.
Onun sözlərinə görə, İran əslində İsrail yox, İslam dünyası ilə savaş içindədir.
Öztürk hesab edir ki, İran 1979-cu ildən bəri İslam dünyasına qarşı proksi müharibələr aparır:
“Həmin müharibələr nəticəsində yüz minlərlə müsəlman həyatını itirib. İran-İraq, Suriya vətəndaş müharibəsi bunun tipik nümunələridir. Həmçinin ABŞ-nin İraqı işğalından sonra Obamanın açdığı yoldan istifadə edərək İranın İraqda etdikləri buna tipik nümunədir.
İranla tarixi rəqabətimiz olsa da, sərhəd qonşusu olaraq həmişə balanslı əlaqələr qurmuşuq. Zaman-zaman İranın Türkiyə daxili və sərhədlərində gizli fəaliyyətlərinin şahidi olmuşuq”.
Analitik İranın Türkiyənin təhlükəsizliyini təhdid edən qruplaşmalar formalaşdırdığını da vurğulayıb:
“Bütün bunlara baxmayaraq, Türkiyə və İran “Qəsri Şirin”dən (1639) bu yana sərhəd təhlükəsizliyini qoruyub saxlayıb və iki güclü regional aktor kimi mövcud olub.
Qarabağın azad edilməsi prosesində İranın Türkiyə və Azərbaycana qarşı münasibətini, Ermənistana verdiyi birbaşa dəstəyini qeyd etmirəm. PKK terror təşkilatının İran sərhədləri daxilindəki düşərgələri demirəm. Bafel Təlabaninin Süleymaniyyədəki fəaliyyətinin arxasında Amerika ilə yanaşı, İranın da olmasını dilə gətirmirəm. Hələbin Suriya vətəndaş müharibəsində necə aldadılıb məhv edildiyini xatırlatmıram”.
Hasan Öztürk İranın İsrailə hücumlarına da toxunub:
“İki gündür İranın “özünümüdafiə hüququ” çərçivəsində tarixində ilk dəfə İsrailə qarşı birbaşa hücuma keçməsindən danışırıq. İran öz varlığını İsrailin varlığına borclu olduğunu bilir. İsrail də “İran təhdidi”nə görə Amerika və Qərbdən birbaşa dəstək aldığını bilir. Əslində, bu iki dövlət bir-birinə duyduğu “ehtiyac”a görə “düşmənçilik doktrinası” ilə bir-birini gücləndirir. Amma bu dəfə İran İsrailin Suriyadakı konsulluğuna hücumuna birbaşa cavab verdi.
İrandan havaya qalxan yüzlərlə PUA və raket İsrail səmasına çatmamış İraq, Suriya və İordaniya səmalarında Amerika və İngiltərə tərəfindən məhv edildi. Bir neçə pilotsuz təyyarə və raket İsrail tərəfindən öz hava məkanında vuruldu.
İran da günlər öncədən Amerika, Rusiya və dolayısıyla İsraili “Xəbəriniz olsun, hücum edəcəm” şəklində məlumatlandırmışdı. Hələ ilk dron və raketlər İsrailə çatmamış açıqlama verdilər ki, “5-6 saata İsrailə çatacaq”.
Dron və raketlər İsrailə çatmamışdan da qayıtdılar ki, “əməliyyatımız məqsədinə çatdı və dayandırıldı”.
Əba altından “Gələn dəfə daha sərt cavab verəcəyik” deyərək barmaq silkələdilər.
Demək olar, bütün pilotsuz təyyarələr vurulsa da, bir neçəsinin İsrail hava məkanına daxil olmasına icazə verildi. Beləliklə, İran “qisas” aldı, həm daxili ictimaiyyəti, həm də tərəfdarlarını sevindirdi.
İsrail “İran təhdidi” vasitəsilə Qəzza məsələsində son vaxtlar fikir ayrılığına düşdüyü Amerikanı növbəti dəfə öz tərəfinə çəkdi.
İsrail Baş naziri Netanyahu Baydenlə qol-qola girib iqtidarını gücləndirdi. Qəzzaya qeyri-mütənasib hücuma görə Qərb ictimai rəyində imici zədələnən İsrail “İran təhdidi” ilə Qərb paytaxtlarının dəstəyini aldı.
İran rejimi bir çox daxili mübahisələri yatırtdı və hakimiyyətini möhkəmləndirdi. Yenə olanlar Qəzzadakı uşaqlara, günahsız insanlar və Fələstin xalqına oldu.
İllüziya şousuna baxdıq, yuxusuz bir gecə keçirdik. Tərəflər məqsədlərinə çatdılar”.
Öztürkün fikrincə, Fələstin məsələsinin həll yolunda əngəllərdən biri İsraildirsə, digəri İrandır.