Radikal müxalifət yenidən mitinq həvəsinə düşüb. Gündəlikləri də parlament seçkiləri, sosial məsələlər, azad mətbuat, “siyasi məhbus” məsələləridir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, konkret olaraq, AXCP sədri Əli Kərimliyə bu məsələlərin heç birinin həlli lazım deyil:
“Gün kimi aydındır ki, parlament seçkiləri bu ilin noyabr ayında keçiriləcək. Hökumətin rəsmi mövqeyindən fərqli, ona tənqidi yanaşan istənilən fikri sosial şəbəkədə və eyni zamanda, internet resurslarında kifayət qədər açıq şəkildə bildirmək olur. Azərbaycanda heç kəs siyasi əqidəsinə görə həbs edilməyib. Əgər belə bir şey olsaydı, radikal müxalifət liderləri Azərbaycanda necə sərbəst yaşaya bilərdilər?..”.
Aydın Mirzəzadə bildirib ki, Əli Kərimli və onun komandası gündəmə gəlmək istəyir:
“Onlar müəyyən xarici dairələrin Azərbaycanla bağlı çirkin planlarını yerinə yetirməyə çalışırlar. Heç kəs üçün sirr deyil ki, Azərbaycanın yaxınlığındakı ölkələrdə çox ciddi mürəkkəb proseslər gedir. İsrail-Fələstin qarşıdurması dünyanın diqqət mərkəzindədir. İsrail-İran gərginliyi də regiondakı vəziyyəti daha da gərginləşdirdi. Azərbaycan vəziyyətdən narahat olduğunu və hər iki tərəfi təmkinliyə çağırdı. Belə bir vəziyyətdə xaricdə müəyyən dairələr Azərbaycandakı stabilliyi, dinc quruculuq prosesini pozmaq üçün müəyyən planlar qururlar. Bunun icraçıları da Əli Kərimlilər kimilər olmalıdır. Onları vətəndaşlarımızın sosial vəziyyəti, işğaldan azad olunan ərazilərdə salınan yeni yaşayış məskənləri yox, məhz qarşıdurma maraqlandırır. İndiyə qədər radikal müxalifət Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı konkret bir təklif ortaya qoya bilməyiblər. Vaxtilə torpaqlarımızın işğaldan azad olunması üçün təklifləri yox idi. Bu məsələni beynəlxalq dairələrdə qaldırmırdılar. İndi də həmin torpaqlarda quruculuq işləri ilə bağlı bunların bir təklifi də yoxdur.
Eyni zamanda, sosial məsələlərlə bağlı təklifləri də mövcud deyil. Həmçinin öz ailələrinin hansı maliyyə mənbələri hesabına problemlərini həll etdikləri barəsində də suallara cavab verməkdən çəkinirlər. Onlara elə gəlir ki, mitinq çağırışları Azərbaycanda vəziyyəti gərginləşdirməyə və xarici havadarları qarşısında tapşırıqları yerinə yetirmək hesabatına gətirib çıxaracaq. Ancaq Azərbaycan xalqı onların arxasınca getməyəcək. Xalqımız onların 1990-cı illərdə Azərbaycan dövlətçiliyinə yaratdıqları problemi heç vaxt unutmayıb. Onların çağırışları uğursuzluqla nəticələnəcək. Bu çağırışlarla onlar özlərini bir daha ifşa etmiş olurlar”.