19 Aprel 01:20
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 18-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və səfirliyin nümayəndələri Ağdamın işğaldan azad edilmiş ərazilərində səfərdə olub, rayonda fəaliyyət göstərən minaaxtaranları ziyarət ediblər.

Teleqraf.com xəbər verir ki, səfər zamanı səfir Mark Libbi ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən ANAMA, Minalar üzrə Məsləhət Qrupu (MAG) və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birgə tərəfdaşlıqla həyata keçirilən “Məcburi köçkünlərin müharibədən zərər çəkmiş bölgələrə təhlükəsiz qayıdışına dəstək məqsədilə Azərbaycanın humanitar mina aksiyaları tədbirlərinə dəstək” layihəsinin heyəti, onların fəaliyyətləri və iş prosesləri ilə yaxından tanış olub. M.Libbi çıxışında mina qurbanlarının yaxınlarına, ailə üzvlərinə başsağlığı verib, mina hadisəsi zamanı xəsarət alanlara isə şəfa arzulayıb.

ABŞ səfiri Azərbaycanda qadın və kişilərdən ibarət ilk qarışıq minatəmizləmə qrupları ilə görüşü zamanı onların gördüyü işlərin əhəmiyyətindən danışıb. O deyib: “Çox sevinirəm ki, belə bir vacib işdə Azərbaycan qadınları da iştirak edirlər. Azərbaycanda mina ilə çirklənmiş ərazilərin tez bir zamanda təmizlənməsini arzu edirəm. ABŞ hökuməti də dünyada minaların təmizlənməsi prosesində yaxından iştirak edir. Dövlətimiz bu məqsədlər üçün böyük vəsait xərcləyib. 1999-cu ildən bəri ABŞ Azərbaycana minalarla mübarizə humanitar proqramlarını dəstəkləmək üçün təxminən 38 milyon dollar ayırıb. Bundan sonra da Azərbaycanda mina təmizlənməsi işində ABŞ dövləti niyyətinə sadiq qalacaq və Qarabağın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi işinə yaxından dəstək olacaq".

Sonra Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov ölkəmizin mina problemindən, minaların insanlara və təbiətə mənfi təsirindən danışıb. O, ölkənin ən vacib məsələlərindən olan mina probleminin həlli istiqamətində ANAMA-nın gördüyü işləri, qurumun QHT-lərin və beynəlxalq təşkilatların fəaliyyətinə dəstəyini və uğurlu nəticələri qonaqların diqqətinə çatdırıb. O, həmçinin BAMF-ın mina aksiyası çərçivəsində indiyədək həyata keçirdiyi önəmli layihələri, təhlükəsiz və sağlam mühitin yaradılmasına töhfəsini və QHT kimi xüsusi rolunu vurğulayıb.

BAMF-ın prezidenti Umud Mirzəyev çıxışında ABŞ səfirinə və dövlətinə Azərbaycanda mina aksiyasına verdikləri dəstəyə görə təşəkkürünü bildirib.

“Azərbaycan bu gün çox ciddi bir problemlə üz-üzədir. Qarabağ başdan-başa minalarla çirkləndirilib, Azərbaycan xalqı hər an mina və partlayıcı sursatların təhlükəsi ilə yaşayır”, - deyə o əlavə edib.

Umud Mirzəyev, eyni zamanda, BAMF-ın tarixi, təşkilatın çoxillik fəaliyyəti və ABŞ dövlətinin dəstəyi ilə fondun həyata keçirdiyi layihələr haqqında məlumat verib.

Minalar üzrə Məsləhət Qrupunun (MAG) ölkə direktoru Cenet Dikstra MAG, BAMF və APOPO əməkdaşlığından, təşkilatın fəaliyyətindən söz açıb.

Sonra səfir Mark Libbinin, ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladovun, BAMF prezidenti Umud Mirzəyevin, MAG-ın ölkə direktoru Cenet Dikstra və Texniki Sahə Meneceri Bobbi be Dirin iştirakı ilə qadın minaaxtaranlara sertifikatlar təqdim olunub.

Qonaqlara minaaxtaran itlərlə və siçovullarla apardığı mina təmizləmə fəaliyyəti ilə seçilən APOPO təşkilatının fəaliyyəti haqqında da məlumat verilib. Səfir heyvanların minatəmizləmə fəaliyyətini izləyib və onların nəticələri ilə tanış olub.

Sonda ABŞ səfiri bu cür səfərlərin davamlı olacağını qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər