“Yeddilər qrupu” (G7) ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin 17-19 aprelin 2024-cü il tarixlərində İtaliyanın Kapri adasında keçirilmiş görüşünün yekununda verilmiş bəyanatda “qaçqınların” qayıdış hüququnun təmin edilməsi ilə bağlı Azərbaycana çağırış edilsə də, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi ilə bağlı bu ölkəyə oxşar çağırış edilməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.
"Bu, Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə etnik və dini əsasda ayrı-seçkilikdir. Qərbi Azərbaycan İcması G7-də təmsil olunan bütün dövlətlərə, eləcə də Avropa İttifaqına azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməsi ilə bağlı dəfələrlə müraciətlər edib. Belə olan təqdirdə, G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur.
Qərbi Azərbaycan İcması G7 dövlətlərini etnik və dini mənşəyindən asılı olmayaraq, bütün insanların hüquq və ləyaqətlərinin bərabərliyi prinsipinə hörmət etməyə, Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verməməyə və onların qayıdış hüququna hörmət etməyə çağırır", - bəyanatda vurğulanıb.