20 Aprel 17:32
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın işğalı altında qalan Qazaxın 7-i, Naxçıvanın Kərki kəndi ilə bağlı məsələ daima gündəmdə idi. Bu günlərdə Qazaxın 4 qeyri-anklav kəndinin bir güllə atılmadan, qan tökülmədən qaytarılması Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir. 44 günlük Vətən Müharibəsində tarixi qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra 4 qeyri-anklav kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış geri qaytaran Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsi və müjdəsidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş, ağıllı daxili-xarici siyasətinin nəticəsidir: “Onun qazandığı nüfuzun Azərbaycanı dünyada öz hüquqlarını müdafiə edən bir ölkə kimi tanıtmasının bariz nümunəsidir. Elə bir situasiya yaranıb ki, Ermənistan bu gün Azərbaycanınn suveren hüquqlarını qəbul etməyə məcburdur. 8 kəndin işğal altında olduğuna hər hansı şübhə yox idi. Ermənistanın bu məsələ ilə bağlı ziddiyyətli bəyanatlarına baxmayaraq, sonda bu faktı qəbul etdi”.

Millət vəkili bildirib ki, Azərbaycan ilk növbədə sərhədlərimizə bitişik 4 kəndin azad edilməsini tələb etdi: “Kəndləri hərbi yolla da azad etmək olardı. Amma məsələləri danışıqlar yolu ilə həll etmək mümkündür. Bu, Azərbaycan xalqının öz hüquqları uğrunda uğurlu mübarizə aparmasının, Prezident İlham Əliyevin yürütdüyü siyasətin qalibiyyətinin nümunəsidir. Digər 4 kəndin də məsələsinin çox keçmədən suveren hüquqlarımız çərçivəsində həlli gözləniləndir. Dünya gördü ki, Azərbaycan bu gün regionda sülhün təminatçısı, stabilliyi qoruyan əsas faktordur. Eyni zamanda regiona digər dövlətlərin müdaxiləsi və vasitəçiliyi olmadan Azərbaycanla Ermənistan problemləri həll etmək gücündədir”.

Deputat hesab edir ki, bundan sonra da Ermənistanla normal qonşuluq münasibətlərinin qurulması istiqamətində fəaliyyət davam edəcək: “Azərbaycan xalqı sevinc içərisindədir. Bu, tarixi bir məqamdır. Tariximizin şərəf səhifəsidir. Bunun hələ bütün maşstabını görə bilmirik.

Dörd kəndin işğaldan azad edilməsi Azərbaycanın gücünü göstərir. Çox çəkməz ki, həmin ərazilər tam olaraq dövlətimizin nəzarətinə keçəcək. Orada mina təhlükəsi yoxlanacaq, real vəziyyət araşdırılacaq və müvafiq hazırlıq görüldükdən sonra kəndlərin sakinləri geri qayıdacaq".

Aydın Mirzəzadə vurğulayıb ki, bu böyük tarixi hadisə münasibəti ilə qazaxlıları, Azərbaycan xalqını təbrik edir: “Xalq qarşısında Lider vəzifələrinin birini də uğurla yerinə yetirdiyinə görə Prezident İlham Əliyevə vətəndaş kimi təşəkkürümü bildirirəm”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər