Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elmar müəllim, Fransa Azərbaycanla münasibətləri dondurduğunu bəyan etdi, Bakıdakı səfiri geri çağırdı. Sizcə, diplomatik müstəvidə əlaqələri dayandırmaq hansı məqsədə xidmət edir?
- Rəsmi Parisin atdığı bu addım böyük səhvdir. Səfir məsləhətləşmələr aparıb dövlətə məlumat verən şəxsdir. Çünki səfiri geri çağırmaq çox asandır. Amma sonra onun necə geri qayıdacağı məlum deyil. Yəni sonra hansısa bir səfir Bakıya nə üzlə gələcək?
- Sizcə, Fransanı qıcıqlandıran əsas məsələlər nədən ibarətdir?
- Fransanın Cənubi Qafqaz regionunda maraqları böyükdür. Sözsüz ki, bu ölkə gec-tez Azərbaycanda səfirliyini bərpa edəcək. Parisdə bunu düşünüb-düşünmədikləri məsələsi maraqlıdır. İndiki halda Fransanın niyyətini başa düşmək çox çətindir.
- Sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı Qərbdən, xüsusən də ABŞ-dən verilən reaksiyalar daha çox diqqət çəkir...
- Bu, Rusiya-Azərbaycan rəhbərliyi arasında ən yüksək səviyyədə verilmiş qərardır. Çünki artıq sülhməramlıların Qarabağda qalmasının heç bir əsası qalmamışdı. 2020-ci ilin 10 noyabrında əldə edilmiş üçtərəfli bəyanatla sülhməramlılar bölgəyə yerləşmişdi. Bu, müvəqqəti bir xarakter daşıyırdı. Faktiki olaraq ermənilər 2023-cü ilin antiterror tədbirlərindən sonra ərazini könüllü şəkildə tərk edib. Ona görə də, sülhməramlıların ərazidə qalması üçün heç bir arqument qalmamışdı.
- Azərbaycanın AŞPA-da fəaliyyətinin bərpası ilə bağlı məsələlər gündəmdədir. Bu istiqamətdə nə kimi gözləntilər var?
- Bu məsələ də gec-tez öz həllini tapacaq. Azərbaycanın AŞPA-da fəaliyyətinin davam etdirməməsi üçün heç bir əsas yox idi. Atılan bu addım qəsdən edilmiş bir təxribatdır. Almaniyalı deputatın əli ilə Azərbaycana qarşı belə bir addım atıldı. Bu, daha çox AŞPA-da olan qısqanclıqla bağlıdır. Əslində bu, heç də böyük diplomatik gediş hesab olunmur. Xoşagəlməz məqam olsa da ciddi məsələ deyil.