21 May 14:37
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Prezident İbrahim Rəisinin ölümü ilə nəticələnən helikopter qəzası ilə bağlı ən müxtəlif iddialar dilə gətirilir. Buna “sui-qəsd və sabotaj” deyənlər də var, “adi qəza” adlandıranlar da. Rəsmi Tehranın mövqeyi texniki nasasızlıq və bundan irəli gələn qəza ilə əlaqəlidir. Əslində bu olayın gerçəyi nədir və bunun İran üçün mümkün nəticələri necə olacaq?

Təhlükəsizlik üzrə mütəxəssis Ərəstun Oruclu Teleqraf.com-a açıqlamasına təxribat və ya sui-qəsd versiyalarını istisna edib.

Onun sözlərinə görə, bu, texniki nasasızlıq və pis hava şərtləri kimi amillərə əsaslanan qəzadır:

“Mənə elə gəlir ki, bu qəza ilə bağlı ən düzgün versiya elə texniki səbəbdir. Bu, bütün prosesin - prezidentin mühafizəsi, uçuş marşrutunun seçilməsi və digər təşkilati məsələlərin olduqca pis səviyyədə həll olunması ilə bağlıdır. Fikrimcə, burada hələlik hansısa şübhə yeri, məqsədyönlü törədilmiş qəza, yaxud hansısa zorakılıq əlaməti axtarmaq mənasızdır. İran hökumətinin özü də təsdiqləyib ki, söhbət pis hava şəraitindən, texniki səbəblərdən baş vermiş qəzadan gedir.

O başqa məsələdir ki, İran prezidentinin həlak olması hansı gəlişmələr və dəyişikliklərə səbəb olacaq. Düşünürəm ki, İranda siyasətin radikallaşması baş verəcək. Ümumiyyətlə, İranda elə bir kritik vəziyyət yaranıb ki, pərdə arxasında ölkənin dini rəhbəri Əli Xameneyinin varisliyi uğrunda gərgin mübarizə gedir. Bunu hər kəs bilir, bu haqda beynəlxalq media da yazır, indi bura prezidentlik uğrunda mübarizə əlavə olunur.

Bu gün İranda iki qrup mübarizə aparır. Bunlardan biri şərti olaraq mühafizəkarlardır, onlar İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı siyasi dairələrdir. Mübarizə aparan digər qanad da mötədillərdir. Mötədillərə elə Rəisi və digərləri aiddir. Şaiyə yayılıb ki, guya mühafizəkarların təmsilçisi, sabiq prezident Mahmud Əhmədinejad seçkilərdə namizəd olacaq. Əlbəttə, Ali Dini Şura kimləri seçkilərə buraxacaqsa, onlar iştirak edəcək. Bu şuranın iradəsindən kənar heç kimin seçkilərdə iştirak etmək imkanı yoxdur.

Çox güman seçki prosesi elə qurulacaq ki, hər iki qanadın nümayəndəsi iştirak edəcək. Amma elə İbrahim Rəisinin seçildiyi son seçkilər göstərdi ki, İranda mövcud rejimin əleyhdarları birmənalı şəkildə seçkilərə qatılmırlar. Son seçkilərdə də seçicilərin 49 faizi, yəni yarısından da azı iştirak etmişdi. Demək, mübarizə radikal kəsim arasında gedəcək.

İstər radikal mühafizəkarlar, istərsə də mötədilləri dəstəkləyən düşərgə eynidir. Məhz bu düşərgənin səsləri və ya dəstəyi uğrunda mübarizə gedəcək. Bu mübarizədə də bir çox ittihamlar, ifşalar və sair olacaq. Nə baş verəcəyini demirəm, amma İran siyasətində radikallaşma olacaq. Məhsa Əminin ölümü ilə bağlı nümayişlər İranın siyasi isteblişmentində belə bir təsəvvür yaradıb ki, siyasəti bir qədər də sərtləşdirmək lazımdır.

Bu sərtləşmə nəticəsində İran cəmiyyətində etiraz potensialı bir az da artacaq. Bu da dövlətin əsaslarının zəifləməsinə gətirib çıxaracaq. Yəni İran cəmiyyətində müəyyən hərəkətlənmələr olacaq, bunun seçki ərəfəsində olması da istisna deyil. Bu da qarşı tərəfdən sərt tədbirlərlə qarşılanacaq ki, bununla da İran daxilində siyasi sabitlik bir qədər də pozulacaq. Bu, qısamüddətli dövr üçün gözləntidir, uzunmüddətli perspektivdə isə İranın Yaxın Şərqdəki mövqeləri zəifləyə bilər. Bu da o deməkdir ki, Yaxın Şərqdə böyük bir boşluq yaranacaq.

Başqa sözlə, məsələ həlak olan prezidentin əvəzlənməsi ilə bitməyəcək. Hesab edirəm ki, bu, Yaxın Şərqdə baş verəcək böyük dəyişikliyə təkan verən prosesin başlanğıcıdır. Bu, uzunmüddətli prosesdir, amma Yaxın Şərq böyük dəyişikliyin astanasındadır. Bunun qığılcımı İran prezidentinin qəzaya uğraması oldu”.

Başqa bir sual da İbrahim Rəisinin boş qalan taxtında kimin əyləşəcəyi ilə bağlıdır. Kim ola bilər? Qərbin nüfuzlu nəşrləri ölkənin dini lideri Əli Xameneyinin oğlu Müctəbanın adını çəkirlər.

Ərəstun Oruclunun fikrincə, indi İranda əsas mübarizə prezident yox, dini liderin postu uğrunda gedir:

“Rəisini kimin əvəzləyəcəyini söyləmək çətindir. Belə bir proqnoz vermək istəmirəm, amma hər bir halda İran hökuməti daxilində bir rəqabət olacaq. Əlbəttə, müəyyən kompromisin olacağı istisna deyil, həmin rəqabət buna baxmayaraq olacaq. Ola bilsin, elə Xameneyinin oğlu və ya başqası olsun, bu halda rəqabət bir qədər də güclənəcək. İstənilən halda hər iki qanadın nümayəndələri bu post uğrunda mübarizə aparacaq.

Bu mübarizədə əsas post prezident yox, yaşlanmış ali dini rəhbərin postudur. Bu posta gedən yol da prezidentlikdən keçir. Prezident postunu hansı cinah götürəcəksə, onun təsir və imkanları güclənəcək, demək, o tərəfin də ali dini rəhbər postunu götürmək imkanları artacaq. Yəni qarşıdan gələn seçkilər (28 iyun) əsasən prezident yox, ali dini rəhbər postu uğrunda olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər