22 May 19:57
2 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımlar diqqətlə izlənilir. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı artıq ilkin müsbət nəticələr əldə edilib. Sözsüz ki, qarşı tərəfin prosesə sona qədər səmimi yanaşması fonunda məsələ öz ardıcıllığı ilə yekunlaşacaq.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, bölgədə öz maraqları naminə bir çoxları Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına maneə olmağa çalışır:

“Bu xüsusda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini David Kohenin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü də diqqətdən yayına bilməz. Sözsüz ki, burada tək müzakirə mövzusu Azərbaycan deyil. İlk növbədə İranla bağlı ABŞ-nin hədəflərinin olduğunu nəzərə alsaq, kəşfiyyat idarəsinin Ermənistanla əlaqələrə hansı müstəvidə önəm verməsinə aydınlıq gətirmək olar”.

Politoloq hesab edir ki, onların əsas hədəfləri İranla bağlıdır:

“Sadəcə olaraq Amerika indi seçki ərəfəsindədir. Co Bayden çalışacaq ki, bu ərəfədə Amerika hansısa hərbi məsələlərdə iştirak etməsin. Bütün dünyada olduğu kimi Cənubi Qafqazda da ABŞ-nin öz maraqları var. Bu daha çox Çin və Rusiyanı narahat edəcək məsələdir”.

Zərdüşt Əlizadəyə görə, bütün bunların fonunda Azərbaycan üçün heç bir təşviş yaradacaq hal yoxdur:

“Hazırda Azərbaycanla Ermənistanı sülhə yaxınlaşdıracaq proseslər gedir. Sərhədlərin dəqiqləşməsi, anklavlarla bağlı məsələ həll olunduqdan sonra Bakı ilə İrəvan arasında ciddi problem qalmayacaq. Sovet dövründə Azərbaycanla Ermənistan arasında olan inzibati sərhədlər bəlli idi. Ona görə də, sərhədlərin böyük hissəsini qısa zamanda delimitasiya etmək mümkündür”.


Müəllif: Tapdıq Qurbanlı