22 May 12:31
13 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Hindistanla Ermənistan arasında əlaqələrin genişlənməsi Azərbaycanda ciddi narahatlıq yaradır. Amma duruma rasional baxmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Hindistan yüksələn güc mərkəzlərindən biridir, ən böyük elektorat demokratiyadır, burada 968 milyon səsvermə hüququ olan vətəndaş yaşayır:

“Ermənistanla yaxınlığın tarixi köklərini bir kənara qoysaq, Hindistanın Azərbaycanla daha sıx əlaqələrinin olduğu üzə çıxır. Praqmatik Hindistan hökuməti Azərbaycanla əlaqələrə önəm verir. Bu işdə yeni logistika xətləri, Azərbaycan Dəmir Yollarının (ADY) gördüyü işlər də mühüm rol oynayır.

2023-cü ildə Ermənistanla Hindistan arasında ticarət dövriyyəsi cəmi 380 milyon dollar olub. Ötən il Azərbaycanla Hindistanın ticarət dövriyyəsi isə 1 milyard 435 milyon dollar təşkil edib. Yəni bizim ticarət dövriyyəmiz Ermənistanla olan ticarətdən az qala 4 dəfə çoxdur. Hindistandan Azərbaycana gələn turist sayı kəskin artıb. Bu ilin ilk 4 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə Hindistandan 2.4 dəfə çox turist gəlib. Kənardan gələn turistlərin siyahısında Hindistan 4-cü yerdədir.

Rəqəmlər deyir ki, Hindistanla münasibətlər heç də pis deyil, demək, “dostunu yaxın, rəqibini (düşmənini) daha da yaxın saxla” prinsipini davam etdirmək lazımdır. Hindistanın Azərbaycana münasibəti bizim ölkəmizlə bağlı deyil, daha çox bizim Pakistanla daha sıx əlaqələrə cavab refleksidir. Amma bu refleksi daha sıx ticarət, logistika ilə neytrallaşdırmaq mümkündür və bunun üçün əla fürsət yaranıb.

Mayın 13-də Hindistanla İran arasında Çabahar limanının icarəyə verilməsi haqda sənəd imzalanıb. Sənədə əsasən, 10 il sonra razılaşma yenilənəcək və limanın idarəçiliyi Hindistanda qalacaq. Çabahar İranın Hind okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan mövcud limanı idarəçiliyə götürməklə Rusiya, Cənubi Qafqaz, Avropa və Orta Asiya ilə ticarət əlaqələrini genişləndirməyi planlaşdırır. Bu liman Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi kimi qiymətləndirilir. Bu məsələni niyə xüsusi vurğuladım: Azərbaycan regional logistik qovşaq olmaq istəyir, bunun üçün çox iş görür, yeni layihələrə yatırımlar qoyur və ADY bu işdə aparıcı icra qurumuna çevrilib”.

Natiq Cəfərli hesab edir ki, indi dünyada hamını maraqlandıran ucuz və sürətli dəmir yolu daşımalarıdır:

“Məsələnin məğzi budur ki, Hindistan İran və Azərbaycan üzərindən Orra Asiya, Rusiya, gələcəkdə isə Şimali Avropa bazarlarına çıxmaq üçün qısa və effektiv yol axtarır, bu məqsədlə Azərbaycanla, ölkənin rəsmi qurumları, o cümlədən ADY ilə intensiv danışıqlar aparır. Nəzərdə tutulan layihələr tam reallaşsa, Hindistan üçün Cənubi Qafqazda əsas tərəfdaş Azərbaycan olacaq, başqa seçim yoxdur. Azərbaycanın infrastrukturu bu layihə üçün çox əlverişlidir, bu isə ölkəmizə əlavə dividentlər gətirə bilər. Həmçinin Hindistanın maraqlarını nəzərə alaraq, Azərabaycan bu qarşılıqlı asılılıqdan istifadə edərək, Dehlinin mövqeyini dəyişə, ən azı neytrallaşdıra bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu