23 May 09:23
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun müavini Devid Koenin İrəvana səfərinin daxildə Baş nazir Nikol Paşinyana qarşı etirazlarla bir əlaqəsi varmı? Yəni Paşinyan üçün durum o qədər kritikdir ki, belə bir addım atmaq zərurəti yarandı?

- Həqiqətən də Paşinyanın vəziyyəti kritikə yaxınlaşırdı. Amma Paşinyanın bloku Qarabağdan köçən erməniləri hədələdi ki, revanşistlərə dəstək versəniz, verilən yardım dayandırılacaq. Bir növ onların səslərini kəsib çevrəni bir az da daraltdılar. Artıq mitinqə qatılanların sayı da kəskin azalıb, getdikcə ara sakitləşəcək. Qazaxın kəndlərinin qaytarılması ilə bağlı da etirazlar vardı, amma Azərbaycanın iradəsinin güclü olduğunu görüb sakitləşdilər. Alen Simonyan açıq şəkildə bildirdi ki, Azərbaycan ordusu gəlib evinizin qarşısında blok qoysa, necə olacaq?! Yəni demək istədi ki, biz məsələni sakitcə həll edirik, ordu işə qarışsa, yaxşı olmayacaq. Hərdən Ermənistanda da ağıllı adamlar olur, onlar reallığı dərk edirlər.

ABŞ-yə gəlincə, Vaşinqtonda çox yaxşı bilirlər ki, bütün bu prosesləri Rusiya yönəldir. Bu addımlar Rusiyanın Ermənistanda zəifləyən mövqeyini daha da zəiflətməyə xidmət edir. Əlbəttə, amerikalılar gələcəklər, çünki Ermənistana böyük maya qoyublar, Paşinyanı hakimiyyətə elə-belə gətirməyiblər. Paşinyanın atdığı addımlar təkcə Ermənistanın xilası ilə bağlı deyil, bu, həm də ABŞ-nin bölgəyə girişi üçün vizadır. Hələlik Amerika burada qonaq statusundadır. İndi Amerika burada “daimi vətəndaşlıq” almaq üçün lazım olan addımları atmaq məcburiyyətindədir. Bunun üçün də Nikol Paşinyanın hakimiyyətdə qalması lazımdır.

ABŞ-nin kifayət qədər gücü var, üstəgəl, dünyada ən böyük üçüncü səfirliyi Ermənistandadır, 2000-ə qədər əməkdaşı var. Görünən budur ki, ABŞ hər şeyi əvvəldən planlaşdırıb və buna uyğun hərəkət edir.

- Fransa baş verənlərin harasında dayanır?

- Makron hakimiyyətə gələndən Fransanın sərbəst siyasəti yoxdur. Makron siyasi baxımdan piyada adamdır, nə tapşırıq verirlərsə, onu edir. Artıq Amerikanın Makrona ehtiyacı yoxdur, çünki ümidlərini doğrultmadı. Üstəgəl, qarşıda seçkilər gəlir, Fransa konstitusiyasına görə, Makron yenidən namizəd ola bilməz. Fransada çox ciddi dəyişiklik baş verəcək. Amerika indidən Fransada Makronu əvəzləyə biləcək uyğun adam axtarır. Millətçilərdən bir az çəkinirlər, Le Penin gəlməsi orada ABŞ üçün problem yarada bilər. Çünki millətçilər heç vaxt başqa dövlətin maraqlarını gözləmirlər.

Amerika çalışacaq ki, Ermənistanı əldən buraxmasın. Rusiyaya gəlincə, hazırda Ermənistanda mövqeləri kifayət qədər zəifdir. Hazırda Rusiyanın Ermənistanla bağlı əsas məqsədi orada hərbi bazası və İranla Türkiyə sərhədlərində sərhədçilərinin qalması ilə bağlıdır. Ümumilikdə isə Rusiya Ermənistanda kirayəçi deyil, mülk sahibidir. Ermənistan bu məsələni həll etməlidir, eləməsə, ciddi irəliləyiş olmayacaq. Görünür, bunu ABŞ ilə birlikdə həll edirlər.

- Revanşist hərəkata rəhbərlik edən keşiş Baqrat Qalstanyan mayın 26-da hakimiyyət dəyişikliyinə dair proqram açıqlayacaq. Proqramda Qarabağla əlaqəli separatçı iddiaların yer alacağı da deyilir. Sizcə, Baqratın bu proqramı öz ətrafında kütləvilik yarada biləcək qədər cəlbedici olacaqmı?

- Qalstanyan siyasətçi deyil, bu işdə naşıdır. Ermənilərin bura qədər heç vaxt dövlətləri olmayıb, kilsə həmişə “dövlət statusu”nda çıxış edib. İndi kilsə bunu davam etdirməyə çalışır. Həmin kilsəyə xidmət edən Qalstanyanın da savadı yoxdur, adam məsələni dini müstəviyə çəkmək istəyir. Din mənəvi məsələdir, bir ideyası yoxdur, bircə Allahı qəbul edir, hər şey bununla bitir. Dini müstəvidə siyasi gediş eləmək alınmayacaq. O boyda İran dini müstəvidə dövləti idarə edə bilmir, qaldı hansısa bölgənin keşişi ola...

Qalstanyanın Qarabağ məsələsinə əl atacağına inanmıram, çünki artıq bu, Ermənistanda qəbul edilmir. Ermənilər revanşistləri ittiham edirlər ki, dövlət kimi geri qalmağımızın günahkarları sizsiniz, sizin iddialarınızdır, aranı qatan xaricdəki diaspordur. Artıq Ermənistanda Qarabağ ermənisi qalmayıb, nə qədər gizlətsələr də, bu belədir. Ermənilər Qarabağdan gedəndə əvvəl “120 min” dedilər, sonra “150”-yə qaldırdılar. Amma rəqəm çox aşağıdır. Ermənistan Maliyyə Nazirliyinin xətti ilə maddi yardım ayrılanların siyahısına baxdım, heç 10 min yoxdur, təxmin 7-8 mindir. Lap 20 min olsun, 100 mini hardadır? Hamısı yalandır.

Qarabağda təxminən 30-32 min erməni yaşamışdı. Bu müddət ərzində onların mütləq əksəriyyəti köçüb. Çoxu da Gürcüstan üzərindən gedirlər. Rusiya Miqrasiya Xidmətinin məlumatına görə, aprel ayınadək təkcə Krasnodar vilayətinə 30 minə yaxın erməni gəlib. Söhbət təkcə Krasnodardan gedir, Rusiyanın başqa bölgələrini demirəm. Yəni o qədər erməni tapılmayacaq ki, bu sərsəm ideyalarını dəstəkləsinlər. Qatar çoxdan gedib.

- Ermənistan hökuməti erməni kilsəsini vergiyə cəlb etməyə hazırlaşır. Üstəgəl, hakimiyyətə yaxın nəşrlər baş keşiş II Qareginin maliyyə fırıldaqları ilə bağlı materiallar dərc etməyə başlayıb. Görünən budur ki, Paşinyan kilsəyə savaş açıb. Ermənistan lideri kilsəni bitirə biləcəkmi?

- Gəlirlərlə bağlı bəyannamənin doldurulması məsələsini gündəmə gətiriblər. Qaregin də deyir ki, din dövlətdən ayrıdır, bizim sizinlə işimiz yoxdur. Hökumət də cavab verir ki, bizim də dinlə işimiz yoxdur, gəlirlərinizlə işimiz var, Ermənistan vətəndaşısınız, gəlirlərinizin mənbələrini göstərməlisiniz. Əsas məqsəd xaricdən, diaspordan maliyyələşmənin qarşısını almaqdır. Ermənistan hökuməti bu sahədə addımlar atmağa başlayıb. Artıq Gürcüstan “Xarici agentlər haqqında” qanun layihəsini qəbul edib, Ermənistan rəhbərliyi də belə bir qanun qəbul edib vəziyyəti daha da gərginləşdirmək istəmir. Amma bu yöndə başqa addımlar atır. Hökumət kənardan siyasi məqsədlər üçün pul göndərən mənbələri zərərsizləşdirmək istəyir, bunu da zərərsizləşdirəcək.


Müəllif: Mənsur Rəğbətoğlu