22 May 21:39
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşıdakı bir ayda İranda prezident və dini lider postları uğrunda hakimiyyətdaxili qarşıdurma güclənəcək.

İranda baş verən helikopter qəzasının mümkün səbəbləri haqda Teleqraf.com-a danışan politoloq Cümşüd Nuriyev belə deyib.

“Bəlkə də sui-qəsd deyil, amma sui-qəsdə bərabər hadisədir. Çünki dövlət başçıları harasa gedəndə əvvəlcədən təhlükəsizlik tədbirləri görülür. Üç vertolyotun ikisi sağ-salamat mənzil başına çatır, prezidentin olduğu isə qəzaya uğrayır. Bu da müəmma yaradır.

Başqa bir maraqlı məqam vertolyotu hansı qurumun izləməsi ilə bağlıdır. Üstəgəl, Abdullahiyanın prezidentin vertolyotuna mindirilməsi də sual yaradır. Belə hallarda dövlət başçısı və digər rəsmilər ayrı-ayrı vasitələrdə yerləşdirirlər ki, hansısa problem olmasın.

Olay baş verdikdən sonra vertolyotda olan Təbrizin imam-cüməsi iki dəfə telefon əlaqəsinə çıxıb. Yəni qəzanın yerini müəyyən etmək asan idi. Adam zəng edib yerini deyir, amma bu koordinat üzrə getmirlər. Hadisə ilə bağlı ən maraqlı məqam budur”, - ekspert bildirib.

Cümşüd Nuriyev əlavə edib ki, uçuşdan əvvəl helikopterin ekipaj heyətinin dəyişdirilməsi ilə bağlı iddialar da var: “Bütün bunları birləşdirikdə planlı işə oxşayır. Qəribə məsələlər və cavabsız suallar çoxdur. Bütün suallara cavab verilmədikcə, hakimiyyət uğrunda mübarizədən irəli gələn sui-qəsd ehtimalı artır”.

Cümşüd Nuriyev Rəisinin boş qalan postunu tuta biləcək mümkün namizədlərin adlarını da çəkib:

“Əsas namizədlərdən biri parlamentin sədri Məhəmməd Baqir Qalibafdır, amma Xameneyi onu buraxmayacaq. Bu məsələyə Dini Şura qərar verir. İslam Şurası Məclisinin sədri Əli Laricani də güclü namizəddir, amma ona da yol verməyəcəklər. Keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif hər iki tərəfin – həm mühafizəkarlar, həm də mötədillərin qəbul edə biləcəyi yeganə fiqurdur. Hazırda İran mətbuatında əsasən bu şəxslərin adları hallandırılır. Mümkündür ki, sürpriz sima olsun. Prezident postu üçün bir az “dişsiz adam” lazımdır.

İbrahim Rəisi xaricdə təhsil almışdı, ağıllı siyasətçi idi, dinlə siyasəti bir araya gətirməyi bacarırdı.

Bütün hallarda kimin prezident olacağını söyləmək çətindir. Amma bu olay mütləq İranda prezident və dini lider postları uğrunda hakimiyyətdaxili qarşıdurmaya səbəb olacaq. Bu mübarizənin ictimai sferada yansıması da mümkündür. Qarşıdakı bir ay İran üçün kritik dönəmdir, daxildə müəyyən hərəkətlənmələr görəcəyik”.

Dini liderin postuna gəlincə, politoloq bununla bağlı müvafiq suala belə cavab verib: “Rəisi Xameneyinin varisi deyildi, amma gələcəkdə onun yerinə keçə bilərdi. Bu baxımdan, Rəisinin reytinqi yüksək idi. Rəisidən sonra dini lider postuna keçmək ehtimalı yüksək olan şəxs Xameneyinin oğlu Müctəbadır. Bunu da İran mənbələri yazır”.


Müəllif: Mənsur Rəğbətoğlu