23 May 09:41
1 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda kilsənin fəallaşması fonunda bunun arxasında bəzi qüvvələrin olduğu, onların Nikol Paşinyan hakimiyyətinə qarşı təzyiq kimi bu amildən istifadə etdiyi iddia edilir. Bu günlərdə İrəvanda səfərdə olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəis müavininin də səbəbsiz yerə gəlmədiyi deyilir. Amma bu o qədər də inandırıcı yanaşmalar deyil.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O qeyd edib ki, kilsənin aktivləşməsi ilə bağlı ABŞ MKİ-nin nəsə bir iş görməsi inandırıcı görünmür:

“Bir müddət öncə Böyük Britaniyanın Kəşfiyyat Xidmətinin rəisi də Paşinyanla görüşmüşdü. Münxen Konfransı zamanı onlar sıx təmasda olmuşdular. Çünki onlar Ermənistanın Rusiyadan uzaqlaşmaq istəyini ciddi şəkildə nəzərə almağa çalışırlar”.

Millət vəkili hesab edir ki, bu kimi təmaslar Ermənistan rəhbərliyi üçün müəyyən risklər yaradır:

“Ola bilsin ki, hansısa məlumatları bölüşmək istəyirlər. Amma digər tərəfdən ABŞ-nin İrəvanda səfirlikdə iki minə yaxın əməkdaşı var. Sözsüz ki, iki min adam orada heç də Ermənistan üçün çalışmır. Bunu Ermənistanla qonşu İran üçün də aid etmək olmaz. Hətta iddia edirlər ki, ABŞ-nin Ermənistandakı səfirliyi həm də İrandakı səfirlik kimi fəaliyyət göstərir. Ola bilsin ki, orada onların bu istiqamətdə hansısa bir istəkləri var. belə olan halda onlara Ermənistan hökuməti ilə əlverişli şərait lazımdır”.

Rasim Musabəyova görə, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə bu kimi hallar təsir etməyəcək:

“Sadəcə olaraq Amerikanın Xarici Kəşfiyyat İdarəsi İranla bağlı fəaliyyətini tənzimləmək niyyətindədir. Son atılan addımlar da buna xidmət edir. Eyni zamanda bütün məsələləri heç də kəşfiyyatın boynuna yıxmaq lazım deyil. Onların öz gündəliyi var”.


Müəllif: Tapdıq Qurbanlı