5 İyun 20:02
1 891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesi fonunda sülh danışıqlarının hazırkı səviyyəsini necə xarakterizə etmək olar? Erməni tərəfi ötən gün sülh sazişi ilə bağlı Azərbaycana cavab verdiyini açıqlayıb...

- Hazırda tərəflər arasında sərhədlərin dəqiqləşdirilməsinə dair müzakirə mövzusu var. Razılaşmanı əldə etmək üçün gərək müzakirələr olsun. Bu baxımdan tərəflər artıq çərçivə sülh sazişinin imzalanmasına razılıq verə bilər. Çünki delimitasiya və demarkasiya prosesi artıq başlayıb. Sözsüz ki, burada sərhəd dəqiqləşmələri Azərbaycanın dediyi prinsiplər əsasında baş verə bilər.

- Qazax istiqamətində aparılan sərhəd dəqiqləşmələrinin sərhədlərin digər hissələrinə də aid olacağı ehtimalı varmı? Bakının bununla bağlı mövqeyi necədir?

- Sərhədlərin müxtəlif hissələrinə aid ayrı-ayrı dövrlərin xəritələrini istifadə etmək mümkündür. Bu, Ermənistan üçün heç də sürpriz deyil. Artıq bu mövqe iki ildir ki, Azərbaycan tərəfindən ifadə edilib. Faktiki olaraq erməni tərəfi Qazaxın anklav olmayan 4 kəndinin qaytarılmasında da başqa şərtlərdən çıxış etmək istəyirdi. Onlar 1976-cı ilə xəritələrinin bütün sərhəd xəttinə şamil olunacağını iddia edirdilər.

- Ermənistan tərəfindən Almatı razılaşmasının bütün sərhəd xətlərinə şamil olunması ilə bağlı iddia hansı məntiqə əsaslanır?

- Almatı razılaşmasının prinsiplərinə məntiqi yanaşma tələb olunur. Burada yeganə prinsip keçmiş sovet dövrü ilə bağlıdır. Azərbaycan sözsüz ki, bunu qəbul edir. Amma hansı illərin xəritələri əsasında sərhədlər dəqiqləşəcəksə, onu aydınlaşdırmaq lazımdır. Əgər Ermənistan 1975-ci ilin xəritələrindən danışırsa, Azərbaycan da digər dövrlərin xəritələrini ortaya qoymaqda haqlıdır. Məntiq də məhz bundadır. Burada söhbət heç də falçılıqdan deyil, təhlildən gedir.

- Sizcə, tərəflər arasında mövcud fikir ayrılığı və sərhədlərlə bağlı mürəkkəb proseslər fonunda çərçivə sülh sazişinin imzalanması nə dərəcədə real görünür?

- Çərçivə sülh sazişi konkret olaraq hansısa məsələni həll etmir. Burada post-konfilikt dövrünə aid hansısa prinsiplər məhz çərçivə sülh sazişi ilə müəyyən edilir. Bu prinsiplər ondan ibarətdir ki, delimitasiya və demarkasiya prosesi formalaşmış komissiyaların müzakirəsi fonunda davam etməlidir. Çərçivə sülh sazişində bunlar öz əksini tapacaq. Sözsüz ki, burada digər mövzular da yer almalıdır.

- Zəngəzur dəhlizi və digər kommunikasiya xəttlərinin açılması əldə ediləcək razılaşmada hansı formada öz əksini tapa bilər?

- Regional kommunikasiyalar mütləq bərpa olunmalıdır. Erməni tərəfi isə bu məsələ ətrafında danışmır. Çünki başa düşürlər ki, Azərbaycan bu mövzuda israrlıdır. Bu da Azərbaycanla onun ayrılmaz hissəsi olan Naxçıvan arasında ekstreterial bir bağlantının olmasını şərtləndirir. Vaxtilə ədalətsiz qərarlar nəticəsində yaranmış situasiya düzəlməlidir. Ermənistan da bunu başa düşməlidir.

- Belə çıxır ki, tərəflərin sülhə hazır olması çərçivə sülh sazişi ilə ifadə olunacaq?

- Bu əslində fundamental bir sənəd olacaq. 10 noyabr 2020-ci ildə əldə edilmiş üçtərəfli razılaşmanın da əsas məqsədi o idi ki, hərbi-texniki məsələlər həllini tapsın. İşğalın səbəblərinin aradan qaldırılması üçün belə bir razılaşma əldə edildi. Artıq bu icra edilib. Ona görə də, yeni bir dövr üçün hansısa əsaslar lazımdır. Çərçivə sülh sazişinin məqsədi də məhz budur. Amma onun icrası sözsüz ki, illər tələb edəcək.

- Görünən odur ki, yekun sülh sazişinin əldə olunacağı tarix heç də yaxın deyil?

- Bütün məsələlər yekun sülh sazişində tam həll olunacaq. Ona görə də, yaxın bir neçə il ərzində yekun sülh sazişinin imzalanmasını gözləmək yersiz olar. Amma indiki mərhələdə siyasi bir sənədin imzalanması lazımdır. Bu da çərçivə sülh sazişidir. Noyabrda Bakıda keçiriləcək COP29 tədbirlərinə qatılmaq üçün gələn Nikol Paşinyan buna imza ata bilər. Bununla da beynəlxalq ictimaiyyətə mesaj veriləcək ki, tərəflər sülhə gedir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər