7 İyun 09:05
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda iqtidar-müxalifət dialoqu, siyasi partiyalar arasında təmaslar, liderlərin proseslərə yanaşması hər zaman diqqət mərkəzində olub. Qardaş Türkiyədə müxalifət partiya liderlərinin ölkə başçısı ilə təmasları fonunda bu tendensiyanın Azərbaycanda olması ilə bağlı mülahizələr səslənir.

Mövzu ilə bağlı Teleqraf.com-a danışan Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ölkədə siyasi partiyalar arasında olan təmaslara diqqət çəkib:

“Prezident İlham Əliyevlə millət vəkili seçildiyim rayonda görüşlərimiz, təmaslarımız olub. Daha sonra isə bayramlarda, tarixi günlərdə Prezidentlə görüşmək imkanlarımız yaranıb. Amma məxsusi olaraq siyasi partiya liderlərinin dəvət edilməsi, onların müraciətlərinə qulaq asılması, müzakirə aparılması ənənəsi yoxdur. Təbii ki, bu olsa, daha yaxşı olar. Partiya sədri kimi ölkə başçısı ilə müzakirələrə ehtiyacımız var. Bütün bunlar sözsüz ki, dövlət başçısının zamanının az olması ilə bağlıdır. Gələcəkdə belə bir imkan yaransa, Prezidentlə partiya sədrlərinin görüşlərinin keçirilməsi yaxşı ola bilər. Bu formatın özü də siyasi partiyaları stimullaşdırar. Əməkdaşlığın daha yüksək forması kimi partiyaların fəaliyyətində impuls yaranar".

AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, bu, çox normal bir prosedurdur:

“Bütün dünya ölkələrində bu proses baş verir. Ancaq Azərbaycanda 1989-cu ildən qalan qərəzlilik, 90-cı illərin əvvələrindən qalan iqtidar-müxalifət rəqabəti yox, düşmənçiliyi davam edir. II Qarabağ müharibəsindəki qələbədən sonra partiya liderləri olaraq Ağdama getdik. Amma mağara müxalifəti bizə avtobus müxalifəti dedi. Bizə deyirlər ki, getdiniz Şuşanın azad edilməsi ilə bağlı Prezidenti təbrik etdiniz... Bu cür mağara təfəkkürlü partiyalarla təbii ki, Türkiyədəki ənənəni tətbiq etmək mümkün olmayacaq. Sözsüz ki, münasibətlərdə ən təbii yanaşma məhz budur. Dövlət üçün ən kritik məqamlarda, bayramlarda, xüsusi təqvimlərdə, eyni zamanda ölkə üçün zəruri məsələlərdə iqtidar-müxalifət bir yerdə olmalıdır.

Yeri gəldikdə iqtidar-müxalifət bir-birini bəzi məsələlərdə hətta məlumatlandırmalıdır. Məqsəd dövlət üçün olmalıdır. Amma təəssüf ki, bizdə ənənə pis qoyulub. Rəqabətdən çox düşmənçilik, tənqiddən çox təhqir olduğu üçün indiki vəziyyət yaranıb. Prezident Administrasiyasında siyasi partiyalarla iş şöbəsinin yaradılmasından sonra iqtidarla müxalifət arasında dialoq mühiti yarandı, yumşalma prosesi getdi. Partiyalar birgə bəyanatlar verə bildi. Artıq hər bayramda ölkə başçısının təbriki partiya sədrlərinə çatdırılır. Eyni zamanda müxalifət partiya sədrləri olaraq Prezidentin ad günü yubileyini təbrik etdik. Ona görə də, bu məsələlər sadələşməli, adiləşməlidir. Burada ilk addım da elə iqtidarın özü tərəfindən atılmalıdır”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluna görə, bu, daha çox iqtidardan asılı olan bir məsələdir:

“Sözsüz ki, bu Azərbaycanda da gec-tez olacaq. İqtidar tərəfdən belə bir addım atılsa, bunu heç kəs başqa cür qiymətləndirə bilməz. Təbii ki, bura Türkiyə deyil. Azərbaycanda bu halın olması istənilən vaxt mümkündür. Prezident İlham Əliyev həm də bunun bir nümunəsini göstərib. 2020-ci il 27-i sentyabrda həm ölkə başçısı, həm də bütün siyasi partiyalar bununla bağlı mövqe sərgiləyib. 44 günlük savaşın ilk günündə yaşanmış bu gözəl nümunəni ancaq esktremal şəraitdə, vətən-millət naminə məsələlərlə yanaşı gündəlik həyatda da etmək lazımdır”.

16 mayda baş tutan iqtidar-müxalifət arasında görüş də bu prosesin tərkib hissəsi idi. Bu kimi görüşlər fikir və təkliflərin irəli sürülməsi kontekstində daha effektiv olacaq”.

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn də hesab edir ki, bu istiqamətdə müəyyən təmaslar var:

“Prezident Administrasiyasi ilə siyasi partiyalar arasında müəyyən görüşlər, birgə tədbirlər keçirilir. Türkiydə iqtidar-müxalifət liderləri arasında olan təmaslar da pozitiv məsələdir. Azərbaycanda belə hal olsa, şəxsən mən bunun tərəfdarlarından biri kimi çıxış edəcəm”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də, siyasi hakimiyyətlə, siyasi təşkilatlar arasında normal münasibətlərin olmasının tərəfdarı olduqlarını deyib:

“Uzun müddət Azərbaycanda iqtidar-müxalifət təmsilçiləri xarici vasitəçilərin iştirakı ilə görüşüb. Bu, sözsüz ki, yanlış yanaşma idi. 44 günlük müharibənin ilk həftəsində onlayn platforma üzərindən keçirilən görüşlərdə partiya sədri kimi təklif etdim ki, qələbədən sonra ölkə Prezidenti ilə partiya sədrlərinin görüşü olsun. Təbii ki, bu cür görüş konkret mövzular ətrafında olmalıdır.

Ölkə Prezidenti ilə partiya sədrlərinin görüşünün olması normal bir haldır. Bu günlərdə Azərbaycanda COP29 beynəlxalq tədbiri ilə bağlı hazırlıq işləri görülür. Bununla bağlı hansısa bir partiya sədrinin təklifi ola bilər. Eyni zamanda Ermənistanla aparılan sülh danışıqları ilə bağlı müəyyən fikir mübadiləsi aparmaq mümkündür. İlk növbədə ölkə Prezidenti İlham Əliyevlə siyasi partiya liderlərinin bir tanışlığı olmalıdır. İndiyə kimi bu cür formatda görüş olmayıb. Prezident Adminsitrasiyasında müvafiq şöbə yaradılıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və bu şöbənin əməkdaşları ilə siyasi partiyalar arasında işgüzar münasibətlər qurulub”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər