13 İyun 20:46
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ünal Üstel Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, Ünal Üstel Şuşa şəhərində keçiriləcək “Türk Dövlətləri: Geostrateji Reallıqlar və Qlobal Fəlakətlər Kontekstində Yeni Strateji Məqsədlərə Doğru” adlı beynəlxalq konfransın rəsmi açılış mərasimində iştirak edəcək.

Konfransda çıxış edəcək Ünal Üstel həmçinin digər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin siyasi partiya liderləri və nümayəndələri ilə də görüşlər keçirəcək.

Azərbaycanda ikitərəfli təmaslar keçirəcək Ünal Üstel ulu öndər Heydər Əliyevin məzarını və türk şəhid məzarlığını ziyarət edəcək.

Ünal Üstel Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan əlaqələrindən danışıb: "Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olduğumuz gündən bəri türk dövlətləri ilə əlaqələrimizdə ciddi irəliləyişlər əldə etmişik. Azərbaycan Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri öz tarixində ən yüksək səviyyədədir. Xüsusilə, Azərbaycanla əlaqələrimiz son illərdə heç vaxt görünməmiş səviyyəyə çatıb.

Kipr türklərinin həm Kipr Türk Dövlətləri ilə, həm də dünya ilə əlaqələrinin daha da yaxşılaşması kontekstində Azərbaycanın göstərdiyi səmimiyyət bizi son dərəcə sevindirir. Dövlətlər və hökumətlər arasında əlaqələrlə yanaşı, Milli Birlik Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında imzaladığımız əməkdaşlıq protokolu da bu konfransa nümunə olacaq addımdır. Tərəflər arasında qurduğumuz əməkdaşlıq dövlətlərarası münasibətlərimizin inkişafına da öz töhfəsini verdi. Biz gördük ki, tərəflər arasında güclü əməkdaşlıq və inkişaf etmiş diplomatiya ölkələrlərarası, dövlətlərarası və hökumətlərarası münasibətlərə son dərəcə müsbət töhfələr verir. Ona görə də biz Azərbaycanla, Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə istər dövlət, istər partiya, istərsə də qeyri-hökumət təşkilatları kontekstində əlaqələrimizi bundan sonra da inkişaf etdirəcəyik. İşğaldan azad edilmiş Şuşada olmaqdan çox xoşbəxt olacağam. Üstəlik, Azərbaycanın öz torpağı olan Şuşa işğaldan azad edildikdən sonra bu görüşün Şuşada keçirilməsi və bizim o qədim torpaqlara ayaq basmağımız olduqca vacibdir. Məqsədimiz TDT-yə üzv olan bütün ölkələrlə Parlamentlərarası Dostluq Qrupları yaratmaqdır. İnkişaf edən əlaqələrimizin nəticəsi olaraq Azərbaycan parlamentinin qəbul etdiyi qərarla ŞKTC və Azərbaycan Dostluq Qrupunu yaratdı".

Onun sözlərinə görə, məqsəd bu qrupların digər üzv ölkələr tərəfindən yaradılmasıdır: "TDT-yə tam üzvlük uzaqda deyil. Azərbaycan Prezidenti İlham Əliyevin yaxın günlərdə çıxışında ŞKTC-nin Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzvlüyünü açıq şəkildə dəstəklədi. Cənab prezidenti salamlayırıq. İnanıram ki, yaxın zamanda Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olacağıq".

Ünal Üstel konfrans ilə bağlı bu sözləri qeyd edib: “Türk coğrafiyasında baş verə biləcək fəlakətlərə qarşı koordinasiyalı və effektiv əməkdaşlığı təmin edərək, qlobal fəlakətlərə qarşı konkret mexanizmlər quraraq çətin anlarda bir-birimizin yanında olmağı bacarmalıyıq. Bu kontekstdə “Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmi”nin yaradılması ilə bağlı əldə olunan razılaşma çox əhəmiyyətlidir. Biz imkanlarımız, təcrübəmiz və bacarıqlarımızla görüləcək işlərə töhfə verməyə hazırıq".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər