İyunun 25-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Azərbaycanda səfərdə olan Braziliyanın Əmək Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi Romenio Pereyra arasında görüş keçirilib.
Qonağı salamlayan YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan ilə Braziliya arasında ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayıb. O, ölkələrimiz arasında müxtəlif sahələrdə məhsuldar işbirliyi üçün geniş potensialın mövcud olduğunu bildirib.
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yüksək nüfuza malik etibarlı tərəfdaş kimi tanındığını söyləyən YAP Sədrinin müavini qeyd edib: “Azərbaycanın ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə əldə etdiyi tarixi nailiyyətlər onu nəinki regionda, qlobal miqyasda da söz sahibinə çevirmişdir. Ölkəmizə beynəlxalq müstəvidə böyük inam və etimad mövcuddur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un cari ilin noyabr ayında Azərbaycanda keçirilməsi haqqında yekdil qərar da bu reallığın bariz ifadəsidir. Bu mühüm beynəlxalq tədbir, heç şübhəsiz, Azərbaycanın beynəlxalq əlaqələrinin keyfiyyətcə yeni müstəviyə yüksəlməsinə təkan verəcək. Azərbaycan dost ölkələrlə, o cümlədən Braziliya Federativ Respublikası ilə münasibətlərin inkişafını daim diqqət mərkəzində saxlayır”.
Siyasi partiyalar və parlamentlər arasında əlaqələrin əhəmiyyətini vurğulayan Tahir Budaqov hökumətlərarası komissiyaların da fəaliyyətinin təmin olunmasının dövlətlərarası münasibətlərin inkişafı baxımından önəmli olduğunu söyləyib.
“Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri uğurla inkişaf edir. YAP müstəqil siyasət həyata keçirən dost və tərəfdaş ölkələrin hakim partiyaları ilə səmərəli işbirliyinə malikdir”,- deyən Tahir Budaqov Yeni Azərbaycan Partiyası və Braziliya Əmək Partiyası arasında qarşılıqlı səfər və görüşlərin, fikir və təcrübə mübadiləsinin Azərbaycan-Braziliya münasibətlərinin mühüm tərkib hissəsi kimi partiyalararası əlaqələrin inkişafına önəmli töhfə olacağını söyləyib.
Romenio Pereyra səmimi qəbula görə təşəkkür edərək Azərbaycana səfər etməkdən son dərəcə məmnun olduğunu bildirib. O, səfər çərçivəsində keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə olacağına inamını ifadə edib.
Ölkəsinin olduqca mühüm geostrateji mövqedə yerləşən və inkişaf edən Azərbaycanla işbirliyinə böyük əhəmiyyət verdiyini və əlaqələrin inkişafında maraqlı olduğunu bildirən Romenio Pereyra Braziliyanın COP29-da ali səviyyədə böyük nümayəndə heyəti ilə təmsil olunacağını vurğulayıb. O, Azərbaycanda əldə ediləcək təcrübənin COP-30-a ev sahibliyi edəcək ölkəsi üçün vacib olduğunu qeyd edib.
Romenio Pereyra regionda və dünyada nüfuzu artmaqda olan Azərbaycan ilə əlaqələr çərçivəsində Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulmasının Braziliya Əmək Partiyası üçün böyük önəm daşıdığını söyləyib: “Təmsil etdiyim hakim Braziliya Əmək Partiyası artıq 44 ildir ki, fəaliyyət göstərir və geniş beynəlxalq əlaqələrə malikdir. Biz dost Azərbaycanın iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası ilə səmərəli əməkdaşlıq qurmaq niyyətindəyik”.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər də müzakirə edilib.