Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərinə hazırlıqla bağlı işlərimiz davam edir. Hələlik partiyanın idarə heyəti toplanmayıb. Hazırda irəli sürdüyümüz 7 nəfər namizədin bildirişlərini almışıq. Onların maliyyə hesablarını açmaqla məşğuluq ki, bundan sonra imza vərəqələri götürə bilək.
Bu sözləri Teleqraf.com-a sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.
“Namizədlərin sayının artması ilə bağlı müəyyən məsələlər müzakirə edilsə də konkret qərarımız yoxdur. 9 nəfər namizədlə seçkiyə qatılmaq niyyətimiz var”, - deyə o əlavə edib.
Partiya sədri hazırda parlament seçkiləri ilə bağlı xüsusi aktivliyin müşahidə edilmədiyini bildirib: “2020-ci ildəki seçki aktivliyi yoxdur. Proses sürətlənməlidir. Namizədlərin irəli sürülməsi statistikasında aşağı göstərici var. Bunun da yəqin ki, müəyyən səbəbləri ola bilər. Ayın 20-dən sonra isə müəyyən fəallığın olması gözlənilir”.
Pənah Hüseyn qarşıdakı seçkilərdə kimlərin mandat alacağı, hansı siyasətçilərin kənarda qalacağı ilə bağlı məsələlərə də toxunub: “Hər kəs etik qaydalara uyğun öz mövqeyini bildirə bilər. Belə bir hüququ kiminsə əlindən almaq doğru deyil. O cümlədən ADP sədri Sərdar Cəlaloğlunun irəli sürdüyü iddialarla bağlı məndə dəqiq informasiya yoxdur. O nəsə mənə qarşı tənqidi fikir səsləndirib. Görünən odur ki, Sərdar bəy öz mülahizəsini ortaya qoyub. Amma biz çalışacağıq ki, yeni parlamentdə yer alaq. Bunun üçün səy göstərəcəyik”.