16 İyul 18:32
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı missiyasının rəhbəri Troy Dulini qəbul edib.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a bildirilib ki, görüş zamanı missiyanın rəhbəri etimadnamə məktubunun surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Troy Duliyə fəaliyyəti müddətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq perspektivləri, eləcə də cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin Beynəlxalq Miqrasiya Təşkilatı ilə sıx əməkdaşlığının mövcud olduğunu qeyd edərək, xüsusilə miqrasiya sahəsində qanunvericiliyin və institutların təkmilləşdirilməsi üzrə birgə layihələrin icrasının məmnunluq doğurduğunu bildirib.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir münaqişə nəticəsində ölkəmizin genişmiqyaslı miqrasiya problemi ilə üzləşdiyini, Ermənistan və Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü xatırladıb. Post-münaqişə dövründə məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün aparılan işlər barədə məlumat verilib.

Ölkəmizin cari ildə COP29-a ev sahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov, iqlim dəyişikliyinin əlaqədar olduğu bir sıra sahələr, o cümlədən miqrasiya istiqaməti üzrə əməkdaşlığın vacibliyini vurğulayıb. Bu istiqamətdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər