Ermənistan Baş naziri Nikol Paşinyan gələcəkdə ona seçilməyə mane olacaq müddəaları Seçki Məcəlləsindən çıxarmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.
"Bu yaxınlarda keçirilən Erməni Demokratiya Forumu zamanı Paşinyan Konstitusiya İslahatları Şurasına seçkilərdən sonra parlamentdə sabit çoxluğun yaradılması ilə bağlı konstitusiya tələbindən imtina etmək təklifi verdiyini açıqlayıb. Bu müddəanın çıxarılması ona görə vacibdir ki, hakim "Vətəndaş Müqaviləsi" Partiyası 50 faizdən az səs alsa belə, hökumət qura bilsin.
Konstitusiya İslahatları Şurasının üzvləri məsələni müzakirə edəcəklərini açıqlayıblar və Ermənistan parlamentinə Seçki Məcəlləsindən sabit çoxluq müddəasını çıxarmaqla həmin müddəanı dəyişdirməyi təklif ediblər. Bunu növbəti seçkilər və yeni konstitusiyanın qəbuluna qədər etməlidirlər", - nəşr bildirir.
Konstitusiya referendumunun 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra, 2027-ci ildə baş tutacağı gözlənilir.
Ermənistanın Seçki Məcəlləsinə əsasən, seçkilərdə iştirak edən qüvvələrdən biri təkbaşına səslərin 54 faizini topladıqda sabit çoxluq yaranır. Bu müddəa o deməkdir ki, əgər sabit çoxluq təşkil olunmazsa, o zaman konstitusiyanın 89-cu maddəsinə görə ən çox səs toplayan ilk iki qüvvə arasında parlament seçkilərinin ikinci turu keçirilməlidir. Ümumilikdə isə iştirakçı siyasi qüvvə qalib gəlməsi üçün 50+1 həddini keçməlidir.
"Hraparak" iddia edir ki, Paşinyan gələcəkdə bu həddi keçə bilməyəcəyindən ehtiyat etdiyinə görə belə bir dəyişikliyə gedir.
Referendumla Azərbaycan və Türkiyəyə ərazi iddialarını ehtiva edən Müstəqillik Aktına istinadın Ermənistan konstitusiyasından çıxarılacağı da söylənilir. Bu, dayanıqlı sülh müqaviləsi üçün rəsmi Bakının tələbidir.