16 Avqust 09:05
5 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Xarici İşlər Nazirliyi rəsmi Bakının tələbi ilə bağlı açıqlama verib ki, ATƏT-in Minsk qrupunun buraxılması məsələsinə sülh müqaviləsinin imzalanması çərçivəsində baxa bilərlər. Maraqlıdır, niyə İrəvan bu qurumun buraxılmasında maraqlı deyil və bunu sülh sazişi ilə əlaqələndirməyə çalışır?

- Bu məsələni sülh müqaviləsi ilə bağlamağın özü təxribatdır. Minsk qrupunun əsas vəzifəsi ondan ibarət idi ki, Qarabağ məsələsinin həlli ilə məşğul olsun. Qarabağ məsələsi də həllini tapıb.

Ermənistanın Minsk qrupunun qalmasında israrı Azərbaycana qarşı ərazi iddialarının qaldığını deməyə əsas verir. Çünki iki məsələ bu prosesdə vacib məqamdır. Birincisi Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Həm Ermənistanın konstitusiyası, həm də digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları var. Məhz Azərbaycan buna görə Ermənistandan tələb edir ki, konstitusiyanı dəyiş, ölkəmizə qarşı ərazi iddialarını aradan qaldır.

Minsk qrupuna gəlincə, faktiki olaraq, fəaliyyət göstərməyən bir qurumdur. Bu qurumun üç həmsədr ölkəsi (ABŞ, Fransa və Rusiya) münaqişənin davam etdiyi 30 il ərzində Ermənistanı işğal faktına görə qınamadı və ondan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmasını tələb etmədi, əksinə, bir yolla İrəvanı dəstəklədi. Minsk qrupu bu dövrdə yerdəki faktiki vəziyyəti “hüquqi vəziyyət”ə keçirməyə çalışdı.

Azərbaycandan Minsk qrupuna münasibət 2020-ci ilin dekabrında açıq şəkildə bildirilib. O zaman Azərbaycandan həmsədrlərə deyildi ki, iki ölkə arasındakı münasibətlərin tənzimlənməsi ilə bağlı təkliflər versinlər. Amma belə təkliflər gəlmədi. Ukraynada savaşın başlaması ilə faktiki olaraq, bu qurumun fəaliyyətinə xitam verildi. Minsk qrupu hazırda mövcud olan bir qurum deyil, sadəcə real vəziyyəti qəbul edərək, onun xitamına rəsmi şəkildə qərar verilməlidir. Amma Ermənistan bundan yayınır. Prezident İlham Əliyev də bir müddət öncə söyləmişdi ki, Minsk qrupuna xitam verilməsi ilə bağlı Bakı və İrəvan tərəfindən ATƏT rəhbərliyinə birgə müraciət olunsun. Amma Ermənistan buna getmir.

Dediyim kimi, Ermənistanın bundan yayınmasının səbəbi odur ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarının qalmasında maraqlıdır. Yəni Ermənistan sülh məsələsində konstruktiv və səmimi deyil. Həm də bu qurumun qalmasında ona görə maraqlıdırlar ki, hanısa geosiyasi durumda onun vasitəsilə Azərbaycana qarşı revanşist planlarını həyata keçirə bilsinlər.

- Azərbaycanın tələblərindən biri də, sizin də diqqət çəkdiyiniz Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə əlaqəlidir. Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov bunun sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qaldığını söylədi. İrəvan isə deyir ki, bu, “Ermənistanın daxili işi”dir. Əgər Ermənistan müxtəlif bəhanələrlə bu tələbdən yayınırsa, sülh prosesi necə olacaq?

- Azərbaycan haqlı olaraq qeyd edir ki, kommunikasiyalar məsələsi sülh gündəmindən çıxarılıb ayrıca müzakirə mövzusuna çevrildiyi üçün sülh prosesində əngəl yalnız Ermənistanda konstitusiya dəyişikliyidir. Ermənistanın bu məsələ ilə bağlı mövqeyi əsasında demək olar ki, proses ən azı iki il çəkəcək. Azərbaycan bunun da aradan qaldırılması üçün Ermənistana təklif edib ki, razılaşdırılmış əsas məsələlərlə bağlı bir çərçivə sənədi imzalansın, sonra proses davam etdirilsin – həm konstitusiya dəyişikliyi, həm də hərtərəfli sülh müqaviləsinin imzalanması ilə bağlı. Ermənistan bunda da çox maraqlı görünmür.

Konstitusiya dəyişikliyi mövzusu o zaman Ermənistanın daxili işi olardı ki, həm konstitusiyası, həm də digər qanunvericilik aktlarında Azərbaycan, o cümlədən Türkiyəyə qarşı ərazi iddiaları yer almasın. Həmin konstitusiyaya görə, guya Ermənistan ərazisi 29.7 yox, 34 min kvadratkilometrdir. Bu, qəbul edilə bilməz!

Ermənistanı bu məsələdə dəstəkləyən dövlətlər, o cümlədən ABŞ-nin diqqətinə bir daha çatdırmaq və xatırlatmaq lazımdır ki, İkinci Dünya Müharibəsindən sonra Amerikanın da yer aldığı müttəfiq qüvvələr həm Yaponiya, həm də Almaniyadan konstitusiyalarını tamamilə dəyişmələrini tələb etdilər. Üstəgəl, özləri konstitusiya layihəsini yazıb onlara qəbul etdirdilər.

Niyə belə durumlarda Amerika və digərləri konstitusiya dəyişikliyi tələb edəndə, bu, legitim olur, hansısa ölkələrin daxili işlərinə qarışmaq olmur, amma Azərbaycan ona qarşı ərazi iddiasının yer aldığı Ermənistan konstitusiyasında dəyişiklik tələb edəndə, bu, “daxili işə qarışmaq” olur? Belə bir şey yoxdur.

Ermənistan öz konstitusiyasını dəyişməsə, iki ölkə arasında sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Bu o deməkdir ki, bölgədə gərginlik bundan sonra da davam edəcək.

- Erməni mediası günlərdir yazır ki, ABŞ Zəngəzur dəhlizinin açılması üçün əlindən gələni edir, Amerikanın son zamanlardakı hərbi fəallığı da bundan irəli gəlir. Ermənilərin bu iddiası nə qədər doğrudur, doğrudursa, ABŞ-nin Zəngəzurla bağlı hansı plan və məqsədləri ola bilər?

- “Ermənilərin iddiası” dedikdə, məsələyə iki istiqamətdə baxmalıyıq. Birincisi, qərb və ya amerikayönlü siyasətçi və ekspertlərin açıqlamalarına; ikincisi, rusiyayönlü qüvvələrin.

Rusiyayönlülər daha çox o fikirdədirlər ki, ABŞ Zəngəzur dəhlizinin açılması ilə bağlı təzyiq edir və bunda maraqları var. Əlbəttə, ABŞ rəsmən bəyan edib ki, həmin nəqliyyat dəhlizinin açılmasını istəyir, amma Ermənistanın şərtləri əsasında. Bunu ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen keçən ilin noyabrında deyib, sonrakı dönəmdə də bunu dəfələrlə təkrar edib. Obrayen ötən günlərdə də bu haqda danışıb.

Amerika bölgədə kommunikasiyaların açılmasını istəyir, o baxımdan ki, bu xətlər onun nəzarətində olur və özlərinin də ifadə etdikləri kimi, bundan Rusiya və Çinə qarşı istifadə edirlər. Ceyms Obrayen bunu açıq şəkildə dilə gətirib. Yəni Amerikanın müəyyən maraqları var. Məsələ ilə bağlı müxtəlif geosiyasi maraqlar toqquşduğundan Azərbaycan Zəngəzur dəhlizinin açılması məsələsini sülh prosesindən kənarda saxlayır.

Zəngəzur dəhlizi ilə bağlı həm regional, həm də qeyri-regional güclər mübarizə aparırlar. Çoxlu tərəfin cəlb olunduğu bu proses bölgədə əlavə gərginlik yaradır. Azərbaycan da bu gərgin fonda sülh prosesini daha da yüngülləşdirmək və irəli aparmaq üçün Zəngəzur dəhlizini şərt kimi irəli sürmür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər