Politoloq Elşən Manafov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistan tərəfindən şərti sərhəddə atəşkəs rejiminin pozulması halları intensivləşir. Artan erməni təxribatları nədən xəbər verir və hansı gəlişmələrə yol aça bilər?
- Bu, Ermənistanın Azərbaycanı təxribata çəkmək niyyətindən irəli gəlir. Bu siyasətin arxasında Ermənistan hakimiyyətini yönəldən Qərbdəki bəlli dairələr dayanır. Həmin dairələrin məqsədi Azərbaycanı hərbi əməliyyatlara çəkməklə, ölkəmizə sanksiyaların tətbiqinə nail olmaqdır.
Bu maraq da ondan irəli gəlir ki, Azərbaycan Qərbin bu dairələrinin bölgədə konfiqurasiyanın dəyişdirilməsi ilə bağlı layihələrinə əngəldir. Azərbaycan prezidentinin regionun təhlükəsilik problemlərinin həlli ilə bağlı təklifi var, söhbət 3+3 formatından gedir. Bu da Qafqaz Evi ideyasının reallaşdırılmasına yönəlikdir.
Prezident İlham Əliyevin təklifi region dövlətləri tərəfindən müsbət qarşılanıb. Amma bəzi regiondankənar qüvvələr öz maraqlarına görə bu layihənin həyata keçməsində maraqlı deyillər. Buna görə də, Ermənistan vasitəsilə bunun qarşısını almağa və Azərbaycana təzyiq etməyə çalışırlar.
Qərbin nəqliyyat dəhlizləri ilə bağlı da öz mövqeyi və istəkləri var. Qərbin, xüsusən də ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi budur ki, Rusiya və Çin maksimum şəkildə Orta dəhlizdən kənarda qalsın. Bu da Qərbin təkcə Cənubi Qafqaz yox, Mərkəzi Asiyada da geosiyasi rəqabətinin güclənəcəyindən xəbər verir. Azərbaycan da təkcə Cənubi Qafqaz deyil, Mərkəzi Asiyanın da gələcək müqəddəratı baxımından Qərbin diqqət mərkəzindədir.
Azərbaycan prezidentinin bu yaxınlarda xüsusi dəvətlə Mərkəzi Asiya liderlərinin görüşündə iştirakından sonra 5+1 formatında əməkdaşlıq məsələsi gündəmə gəlib. Bu da Azərbaycanın Orta dəhliz üzrə ciddi tranzit imkanlarının olduğunu göstərir.
Azərbaycan təkcə tranzit kimi yox, həm də bu dəhlizlərin reallaşmasında lokomotiv rolunu oynayan dövlətdir. Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinin səbəblərindən biri də beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı əməkdaşlıqdır. Bu, xüsusən də Şimal-Cənub nəqliyyat dəhlizi ilə əlaqəlidir. Rusiya bu dəhliz vasitəsilə təkcə Bəsrə körfəzi yox, həm də Cənubi-Şərqi Asiyada da öz imkanlarını artırmaq istəyir. Azərbaycan bu mənada Rusiya üçün ciddi logistik və tranzit əhəmiyyətinə malik bir ölkədir.
Azərbaycan bu gün Qlobal Cənub və Qərb arasındakı rəqabətdə Qərbin diqqət mərkəzindədir. Azərbaycana təzyiqlərin arxasında da Qərbin bəlli dairələri və onların maraqları durur. Ermənistan bu oyunda sadəcə alət rolunda çıxış edir.
Dediyim kimi, məqsəd Azərbaycanı təxribata çəkməklə ona sanksiyaların tətbiqinə və Cənubi Qafqazda konfiqurasiyanı dəyişməkdir. Amma Qərbdə Azərbaycanla enerji təhlükəsizliyinin inkişafı və genişlənməsində maraqlı olan qüvvələr, xüsusən də Böyük Britaniya bu layihələrin qarşısını alacaq. Çünki Azərbaycanın Avropanın enerji təhlükəsizliyində öz rolu və payı var. Həmin qüvvələrin Azərbaycana sanksiyaların tətbiqinə imkan verməyəcəklərini düşünürəm.
- ABŞ və Fransanın Ermənistandakı hərbi fəallıqları da diqqətdən yayınmır, artıq bu ölkədə müəyyən hərbi yerləşdirmələrin baş verməsi haqda iddialar var. Rusiyanın da Ermənistanda çoxdan bazaları mövcuddur. İndi bir-birinə zidd güclərin hərbi baxımdan Ermənistanda yerləşmələri bu ölkəyə nə vəd edir?
- Əslində, dünyanın gözü qarşısında Qərb tərəfindən Ermənistanın təkcə siyasi yox, həm də hərbi cəhətdən işğalı ssenarisi həyata keçirilir. Amma Qərb də bilir ki, Ermənistan istəsə belə, qısa vaxtda Rusiyadan siyasi, iqtisadi, hərbi və enerji asılığını aradan qaldıra bilməyəcək. Qərbin bəzi dairələri, xüsusən də Fransanın bunu bilə-bilə Cənubi Qafqazda eskalasiya yaratmaq cəhdləri bir neçə məsələnin həllinə yönəlib.
Birincisi, bu, Rusiyanın Ukraynada irəliləməsinin qarşısını almağa yönəlmiş addımdır. Ukrayna ordusunun Kursk əməliyyatının arxasında da bu maraq durur. Qarşıdan qış gəlir, Ukraynanın bu qışdan salamat çıxmayacağı bəlli idi, buna görə də Kursk və Cənubi Qafqaza yönəlik bu cür addımlar atılır.
Qərbin digər məqsədi Rusiyanın diqqətini Ukraynadan yayındırmaqla yanaşı, onu həm də Cənubi Qafqazda qarşıdurmaya çəkməkdir. Rusiyanın Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı maraqları Azərbaycan və qardaş Türkiyə ilə üst-üstə düşür.
Əsas məqamlardan biri də, İranla İsrail arasında artan gərginliklə bağlıdır. İranın qonşuluğunda yerləşməsi Azərbaycanı diqqət mərkəzinə gətirir. Ermənistana girən Qərb burada da İsraillə gərginlik fonunda İrana təzyiqi gücləndirmək istəyir. Amma müstəqil xarici siyasət yürüdən Azərbaycanın Ermənistan kimi davranmaması Qərbdəki bəlli dairələri narahat edir.
Ermənistanda hərbi fəallıq və atəşkəsin pozulması hallarının artması həm də ABŞ-nin o marağından irəli gəlir ki, sülh prosesi onun vasitəçiliyi ilə davam eləsin. ABŞ bununla çalışır ki, Rusiyada əldə edilmiş anlaşmalar əvvəlki kimi aktual deyil və Ermənistan bunu istəmir. ABŞ bu fonda özünü Ermənistan və Azərbaycana “etibarlı vasitəçi” kimi təqdim etməyə çalışır. Azərbaycan isə sülh danışıqlarının vasitəçisiz davam etməsini və yekun sazişin belə imzalanmasını istəyir, Qərb də bunu istəmir.
- Əgər vəziyyət belə mürəkkəb və qarışıqdırsa, Ermənistan da barışıqdan yayınırsa, sülh prosesi necə olacaq? Hərçənd ki, bu mürəkkəblik fonunda sülh müqaviləsi olmasa da, ən azı, çərçivə sazişinin imzalana biləcəyi haqda müsbət mesajlar da var.
- Əgər Paşinyan COP29-da iştirak üçün Bakıya səfər etsə, bununla gərginliyin aradan qaldırılmasına öz töhfəsini vermiş olacaq. Bu, Ermənistan hakimiyyətinin problemin həlli istiqamətində atdığı müsbət addım kimi qiymətləndirilə bilər. Amma nəzərə alsaq ki, Paşinyan öz iradəsi ilə yox, okeanın o tayından aldığı təlimatlarla hərəkət edir, onun çərçivə sazişinin imzalanması ilə bağlı qətiyyətli addımlar atacağını da istisna edərdim.
Əlbəttə, bu, Paşinyanın Qərbdən bununla bağlı yeni təlimat alıb-almayacağından asılıdır. Qərb sülh prosesində istədiyi mənzərəni görməyənə qədər Ermənistana çərçivə sazişi və ya sülh müqaviləsi ilə bağlı “yaşıl işıq” yandırmayacaq. Bunu Azərbaycan da yaxşı bilir.