28 Avqust 19:56
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Son zamanlar Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı artan təzyiq ritorikası necə nəticələnə bilər?

- Rəsmi Kremlin bu məsələdə təsirinin necə olub-olmayacağını zaman göstərəcək. Sözsüz ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərində müzakirə edilən mövzulardan birinin də Zəngəzur dəhlizi ilə bağlı olacağı da gözlənilən idi. Mövcud vəziyyətdə isə Ermənistanın baş naziri Nikol Paşinyan buna getməyəcək. Çünki ABŞ ona bu məsələdə mümkün qədər dəstək verir və arxasında dayanır. Ağ Evin Zəngəzur dəhlizi ilə bağlı yanaşmaları tamam fərqlidir. Rəsmi Vaşinqton dəhlizin Rusiyanın nəzarəti ilə açılması mövqeyini dəstəkləmir.

- Paşinyan Moskvanın təzyiqlərinə nə vaxta qədər duruş gətirə biləcək?

- Bu, daha çox Amerikadakı prezident seçkilərindən asılıdır. Donald Tramp seçkilərdə qalib gəlib yenidən Ağ Evə sahib olsa, Paşinyan Rusiyanın təzyiqlərinə boyun əyəcək və təzyiqlər fonunda geri addım atacaq. Bunun əksinə demokratların Amerikada iqtidarda qalması fonunda vəziyyət dəyişməyəcək. Amma yenə də əlavə bir hal yaşanmasa, durum sabit qalacaq.

- Əlavə hal dedikdə nə ola bilər ki?..

- Azərbaycanla Ermənistan arasında təmas xəttində yeni bir qarşıdurma, insident yaşanmasa, hər şey olduğu kimi saxlanılacaq. Bu halda Paşinyan eyni mövqedə qalacaq və irəli addım atmayacaq.

- Azərbaycanın dəhlizlə bağlı məsələni sülh müqaviləsinin tərkibindən çıxarması amili burada nə dərəcədə təsirli idi?

- Məhz Paşinyan dəhlizlə bağlı addım atmaq iddiasında olmadığına görə belə bir gediş edildi. Amma görünən odur ki, Rusiya bu məsələdə təzyiqlərini sona kimi davam etdirəcək.

- Zəngəzurdan dəhlizin açılması Ruisyaya nə vəd edir?

- Burada əlavə bir dəhlizin açılması Moskva üçün daha əlverişlidir. Ona görə də, Rusiya Zəngəzur dəhlizini öz nəzarəti altında açmaq istəyir. Bu BRİCS ölkələrinin Türkiyə üzərindən Avropaya açılması üçün rahat bir nəqliyyat dəhlizidir.

- Amerikanın dəhlizlə bağlı əsas niyyəti nədir?

- ABŞ-ın əsas istəyi odur ki, burada ruslar olmasın. Ağ Evin, hər hansı başqa bir təşkilatın burada olması ilə bağlı şərti yoxdur. Əslində onlar Rusiyanın burada olmaması ilə bağlı da açıqlama verməyiblər. Onlar sadəcə kommunikasiyaların açılmasının tərəfdarı olduğunu deyiblər. Burada Amerikanın fəallığı daha çox Ermənistanın istəyi ilə bağlıdır.

- Demək olarmı ki, dəhliz açılsa, o, hüquqi cəhətdən Ermənistanın nəzarətindən çıxacaq?

- Azərbaycan üçün başlıca şərt maneəsiz gediş-gəlişin təmin olunmasıdır. Amma Rusiya burada öz nəzarətinin olmasını istəyir. Dəhlizdən aktiv istifadə is rus sərhədçilərinin nəzarəti necə aparacağı məsələsini gündəmə gətirir. Optimal variant odur ki, dəhliz sağı-solu bağlı bir yol olsun. Rusiya isə giriş-çıxışda yer alsın.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər