İlqar Məmmədovun ReAL partiyasının Siyası Komitəsinin sədri vəzifəsindən istefa verməsinə, publik siyasətdən imtina etməsinə qarşı idim, bu gün də qərarı doğru saymıram. Çünki ancaq seçki institutu olan, seçicisi seçkiyə gələn ölkələrdə siyasi partiya lideri yaxşı nəticə göstərmədiyinə görə istefa verə bilər, Azərbaycan, təəssüf ki, belə bir ölkə deyil. İlqar bəy aramızda ən çox siyasi təcrübəsi olan şəxsdir, qərarına hörmətlə yanaşmaqdan başqa çarəmiz yoxdur. Amma İlqar Məmmədova təşəkkür edirəm ki, Siyasi Komitədə qaldı, partiyanın idarə edilməsinə öz əvəzsiz tövhəsini verməkdə davam edəcək.
Teleqraf.com xəbər verir ki, bunu İlqar Məmmədovun Real partiyasının sədrliyindən getməsi ilə bağlı məsələyə münasibət bildirən həmin partiyanın yeni sədri Natiq Cəfərli deyib.
“Məhz İlqar bəy, ReAL-ın dövlət qeydiyyatına düşməsinə, Parlament Partiyasına çevrilməsinə, partiyamızın daim siyasi gündəmdə olmasına nail olan şəxsdir. Siyasi Komitə adından ona fəaliyyətinə görə təşəkkür edirəm və inanıram ki, ReAL-ın güclənməsinə çalışacaq”- deyə o əlavə edib.
Yeni sədr qeyd edib ki, ReAL fərqli partiyadır, sədr olmaq həm asandır, həm də çətin: “Asandır ona görə ki, ReAL-ın Siyasi Komitəsində ölkədə intellektual səviyyəsi, iş və həyat təcrübəsi, savadı çox yüksək olan şəxslər toplanıb, kollektiv ağıl, kollektiv qərarvermə mexanizmi mövcuddur. SK-nın sədri əsas qərarverici orqan olan Siyasi Komitənin stareji qərarlarını yerinə yetirməklə mükəlləfdir. Çətindir ona görə ki, ölkədə siyasət institutu yox olmaq təhlükəsi ilə üz-üzədir, seçkiyə inam aşağı səviyyədədir, vətəndaş iştirakçılığı zəifdir. Ona görə də, seçki və vətəndaş aktivliyini öz əsas strategiyası elan edən partiya üçün, onun sədri üçün belə şəraitdə partiya idarə etmək çox çətindir. ReAL-ın əsas vəzifələrindən biri vətəndaş cəmiyyətinin aktivləşməsinə xidmət etmək, ölkənin problemlərini tək sadalamaqla qalmamaq, çıxış yollarını əsaslandırılmış çəkildə cəmiyyətə təqdim etməkdir. Bu sahədə boşluqlarımızı təsbit edərək, daha verimli taktiki və srateji addımlarımız olacaq”.