Ermənistanın baş naziri Nikol Paşinyan kommunikasiya xəttlərinin İran ərazisindən keçən şərtlər əsasında açılmasından danışıb. Azərbaycanın bu şərtlərə hansı halda razı olacağı isə birmənalıdır. Çünki İrandan olan xətlər tamamilə fərqli müstəvidədir. Zəngəzur dəhlizi isə tarixi reallıq baxımından həllini tapmalıdır. Sözsüz ki, prosesin uzanması digər oyunçuların da məsələyə müdaxiləsi üçün əsas yaradır.
Mövzunu Teleqraf.com-a şərh edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, indiki şərtlərdə dəhlizin açılması mümkün deyil.
“İran Azərbaycana düşmənçilik ifadə etsə də, bütövlükdə İran xalqı ilə Azərbaycan arasında problem yoxdur. Amma Ermənistanda isə təkcə hakimiyyətlə deyil, bütövlükdə erməni xalqı ilə problemlər var”, - deyə o əlavə edib.
Partiya sədri hesab edir ki. Ermənistandan keçən yoldan istifadə edəcək azərbaycanlıların təhlükəsizliyinə bu formada təminatın verilməsi mümkün deyil:
“Hər halda bu mövzu üzərində düşünülməlidir. Başqa bir ölkə ilə olsa idi, bu mövzuda müzakirə aparmaq olar. Bütövlükdə erməni cəmiyyətinin xəstəliyə yoluxması Zəngəzurdan dinc şəraitdə keçib getməyə imkan verməyəcək”.
Fazil Mustafa bildirib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əməl olunmalıdır:
“Azərbaycan Zəngəzurdan dəhliz olaraq istifadə etməlidir. Burada hansısa yoxlanışın aparılmasına imkan vermək olmaz. Həmin yolda azərbaycanlıları məqsədyönlü şəkildə saxlayacaqlarsa, bu, məsələnin həlli deyil. Ona görə də, dəhliz Azərbaycanın təklifi əsasında həll olunmalıdır. Bakı üçün əlverişli olan variantda yolun açılması təmin edilə bilər”.